“KİV-lər cinsi ayrı-seçkilik edir” - Ekspert

22.08.2015 12:00     Sosreaksiya     2424

Xəbər verildiyi kimi, iyulun 31-i  Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb. Hazırda o, Ucara qaytarılsa da, ailəsi onu qəbul etməyib, ata evinə gedib. Polis əməkdaşlarına evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir.

3 uşağını evdə qoyaraq Bakıya qaçan və 20 gün sonra parkda tapılan Şəlalə Rüstəmova son günlər sosial şəbəkələrdə və mətbuatda qınaq atəşinə tutulub. 

Mətbuatın insanların mövqeyini öyrənmədən basqı etdiyini bildirən “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova Reaksiya.az-a bu barədə açıqlama verib.

O deyib ki, mətbuat öncə faktı dəqiqləşdirməli, sonra müzakirəyə çıxarmalıdır: “Öncəliklə haqqdan danışırıqsa, hər bir hadisəyə də haqqı qoruyaraq yanaşmalıyıq. Mətbuat bu son günlərdə kifayət qədər qadından fikir öyrənmədən onlara müxtəlif formada basqı etdi. Yadıma bir neçə il öncə bundan əvvəl küçədə yaşamış HİV daşıyıcısı Elnarənin jurnalistin “Neçə nəfəri HİV-ə yoluxdurmusan 10, 50, 100, 200 nəfər?” sualına təhsilsiz uşağın verdiyi 200 cavabı düşdü. Beləcə yoxlanmamış faktın KİV-də “fırlanması” onun həbsilə nəticələndi. İndi də eyni hadisəni müşahidə edirəm”.

“KİV-lər cinsi ayrı-seçkilik edir”

Ekspert düşünür ki, əslində övladından imtina edən ana qınanılmalıdır: “Amma heç kim gündəlik həyatımızda  övladlarından imtina edən  kişilər haqqında heç nə demir, şəklini paylaşmır, xəbərə çevirmir. Məsələyə bu konteksdən yanaşsaq, KİV tərəfindən cinsi ayrı-seçkilik kimi insan haqqının tapdanmasını müşahidə edərik”.

Mehriban Zeynalova hesab edir ki , bir həftə kimsəsiz, küçələrdə qalan yad adamlardan daha çox mərhəmət görən və ümumiyyətlə uzun müddət təzyiq altında olan, ərinin qayğısından mərhum olan gənc qadının ilk reaksiyası kimi bu təbii qarşılanmalıdır: “Onun cəmi 24 yaşı var. Gözünü açandan dünyaya uşaq gətirib. Hər bir yaxınlaşanın, ələxsus da jurnalistlərin onu müdafiə edəcəyini düşünüb ağlına gələn cavabı verə  bilər, lakin bu əxlaqsızlıq kimi yozulmamalıdır. Bəzən biz mərdi qova-qova namərd edirik”.

“Bu məsələlər dərindən yoxlanılıb müəyyənləşəndən sonra nəsə demək olar”

“Məsələlər dəqiqləşmədən bu haqda konkret nəsə demək düzgün deyil”- deyən Mehriban Zeynalova təcrübəsində Şəlalə Rüstəmova kimi uşaqlarını evdə qoyaraq qaçan xanımlarla rastlaşdığını bildirərək, onun bu addımını müəyyən qədər anladığını bildirir: “Heç bir yerə gümanı gəlməyən, qohumlarından dəstək ala bilməyən, pis vəziyyətdən qaçan ana bəzən uşaqlarını təhlükə və qeyri-müəyyənliyə salmamaq üçün onları evdə qoya bilər. Axı konkret hara gedəcəyini bilmir. Küçəyə, tanımadığı bir mühitə gedən ana uşaqlarını küçədə məhv edəcəyini bilib onu təhlükəsiz yer olan evdə qoya bilər. Bir daha vurğulamaq istəyirəm, konkret hadisə ilə  tanış deyiləm, lakin ola bilər ki, xanım uşaqlarını təhlükədən müdafiə məqsədilə uşaqlarını evdə qoyub çıxıb. Bu imtina etmək deyil”.

 

Şərhlər

Çox oxunanlar