Üç uşağını atıb Bakıya qaçan qadından şok etiraflar: - "Birinci gecə "Tarqovı"da..."

22.08.2015 14:30     Sosreaksiya     5236

Ucar rayonu Qaracallı kənd sakini 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmovanın 3 uşağı evdə qoyaraq Bakıya qaçması son günlər mətbuatın əsas müzakirə mövzularından biridir
 
Ölkə.Az-ın əməkdaşı sözügedən qadını tapıb və çətinliklə də olsa, Ş.Rüstəmovanı danışmağa razı sala bilib.
 
- Şəlalə xanım, evdən nə vaxt və hansı səbəbdən qaçmışdınız?
 
- İyulun 31-də evdən çıxıb getmişəm. Qaynatamla qaynanam mənə işgəncə verirdilər, söz-söhbət çox olurdu. Mən də buna dözə bilmirdim. İkisi də məni döyürdü. Qaynanam hər gün deyirdi ki, səni boşatdırıb, uşaqları əlindən alacağam.
 
- Həyat yoldaşınız qohumunuzdur?
 
- Xeyr, kəndçimizdir.
 
- Yoldaşınız hazırda Rusiyadadır?
 
- Bu məsələdən sonra Azərbaycana qayıdıb. Eşidirdim ki, yoldaşımın Rusiyada ailəsi, uşağı, gəzdiyi var, evə gec-gec gəlirdi. İki-üç aydan bir telefonla danışırdıq, onda da dalaşırdıq.
 
- Neçə ildir ailəlisiniz?
 
- Altı ildir.
 
- Neçə ildir o Rusiyadadır?
 
- Demək olar ki, biz ailə qurandan. Səkkiz-doqquz ayda bir dəfə evə gəlib bir ay qalırdı, onda da dalaşırdıq.
 
- Yoldaşınız Azərbaycana qayıdandan sonra görmüsünüz?
 
- Xeyr, görməmişəm, telefonla da danışmamışıq.
 
- Polis sizi ananıza təhvil vermişdi, yoxsa qaynanatanızgilə?
 
- Anamgil gəlib məni aparıblar. Qaynatamgil məni tutdurmaq istəyirdilər, uşaqlarımı vermirdilər. Dünən gətirib uşaqları üstümə atıb getdilər ki, yoldaşımı evləndirsinlər. Amma əvvəlcə demişdilər ki, qayıtsa, qəbul edəcəyik.
 
- Uşaqlarınızın neçə yaşı var?
 
- Böyüyünün dörd yaşı var, kiçiyi on bir aylıqdır.
 
- Qaynatanızgilin maddi durumu necə idi?
 
- Vəziyyətləri yaxşı idi. Amma valideynlərimin durumu yaxşı deyil. Atam xəstədir, qardaşlarım balacadır. Bilmirəm, necə olacaq.
 
-Təhsiliniz var?
 
- Xeyr, təhsilli deyiləm. Məndən böyük bacım var, beş uşağıq. Mən 1991-ci ildənəm, yoldaşım 1987-ci ildən.
 
- Bakıda neçə gün qaldınız?
 
- İyirmi gün.
 
- Harda qalırdınız?
 
- Birinci gecəni "Tarqovı"da qaldım, sonra rusca danışan süpürgəçi qadının evində qalırdım. Onun evində yaşayırdım. Sonra televizordan eşitdim ki, məni axtarırlar. Anamgilə zəng vurdum ki, salamatam.
 
- İlk gecəni küçədə qalmışdınız?
 
- Bəli, küçədə qalmışdım.
 
- Gedəndə uşaqları niyə özünüzlə aparmadınız?
 
- Uşaqları aparmağa icazə vermirdilər. Həm də evdən elə çıxmışdım ki, üç uşağı yanıma alıb apara bilməzdim.
 
- Evdən necə çıxdınız ki, heç kimin xəbəri olmadı?
 
- Gecə 12 idi, yatmışdılar. Həmin gün qaynatam məni döymüşdü. Anamgilə getsəydim, onlar da qəbul etməyəcəkdilər.
 
- Gecə 12-də Bakıya kimlə gəldiniz?
 
- Qaçıb yola çıxdım, oradan taksiyə minib gəldim.
 
- Deməli, pulunuz var imiş...
 
- Pulum yox idi, üzüyümü satıb yolpulu elədim. Bir qəpiyim də yox idi. Evdən çıxanda qızıllarımı götürmüşdüm.
 
- Bildirilir ki, internetlə Bakıdan kiminləsə tanış olmusunuz. Bakıya qaçmağınızın da səbəbi bu imiş.
 
- Elə bir şey olmayıb. Hələ çox söz deyiblər. Guya qaynatamın maşınının açarını götürmüşəm. Bu sözləri məni tutdurmaq üçün deyirlər.
 
- Bayaq da bildirdiniz ki, sizi həbs etdirmək istəyirlər. Nəyə görə tutdurmaq istəyirlər?
 
- Guya maşının açarını, evdən pul götürmüşəm.
 
- Yoldaşınızla axırıncı dəfə nə vaxt danışmışdınız?
 
- O, Rusiyada olanda danışdıq və yenə dalaşdıq. Qaynanam ona demişdi ki, uşaqlara baxa bilmirəm, iş görmürəm.
 
- Siz ailələrin razılaşmasına əsasən ailə qurmusunuz?
 
- Mən nişanlananda 13 yaşım var idi, heç nəyi dərk etmirdim. 18 yaşımda ailə qurdum.
 
- İnternetdən, sosial şəbəkələrdən anlayışınız var?
 
- Facebook-dan başım çıxmır, amma internetə girməyi bacarıram. Lazım olanda girib videoya baxa bilirəm.
 
- Nəyə baxırdınız?
 
- Evdə qaynatamın kompüterində filmlərə baxırdım.
 
- Əvvəldən qaynatanız sizi döyürdü, yoxsa son vaxtlar döyməyə başladı?
 
- Əvvəllər acılayırdı, söyürdü, axır vaxtlar döyməyə başladı. Qaynanam nəsə bir "çp" tapırdı, qaynatama deyirdi, o da məni söyürdü.
 
- Qaynatanız hansı peşənin sahibidir?
 
- Azər Rüstəmov, müəllimdir. Yoldaşımın adı Əlif, qaynanamın adı Aidədir.
 
- Deyirsiniz ki, 8-9 ay evə gəlmirdi. Olurdumu ki, telefonla danışanda tez qayıtmasını istəyəsiniz?
 
- Mən deyəndə ki, tez gəlsin, qaynanam deyirdi, elə demə, qoy oturub işini görsün.
 
- Yoldaşınız Rusiyada nə işlə məşğul idi?
 
- Alverlə.
 
- Qayıdandan sonra valideynlərinizin sizə münasibəti necə oldu?
 
- Valideynlərim məni tanıyırlar, xasiyyətimi də bilirlər. Ona görə qəbul etdilər. Qaynatamgil isə deyirdilər ki, qızlarını döyüb öldürsünlər, qəbul etməsinlər.
 
- Yoldaşınız sizi qəbul etsə, barışmaq istəyərsiniz?
 
- Əlbəttə, istəmərəm. Barışmaq istəsəm, evdən qaçardım? Bilirəm ki, ora getsəm məni nə gözləyir.
 
- Bilirsinizmi, ana nadir hallarda öz başının dincliyi üçün uşağını qoyub qaça bilər? Amma siz bunu etmisiniz...
 
- Bilirəm və çox peşmanam. Boşansaydım, o uşaqları mənə verməyəcəkdilər. Qaynanam deyir ki, sən ölsəydin, oğlumu evləndirərdim, yoldaşı uşaqlara baxardı.
 
- Yoldaşınız Azərbaycanda olanda da qaynananız işinizə qarışırdı?
 
- Bütün günü üçü də məni söyürdü, dindirmirdilər. İşimi görürdüm ki, söz-söhbət olmasın. Yoldaşım onlara görə məni günlərlə dindirmirdi. Anama, atama söyürdü.
 
- Bildirilir ki, Bakıda axırıncı dəfə Nərimanov parkında olmusunuz...
 
- Məni süpürgəçi qadın başqa bir qadınla gətirib ora qoydular ki, anamgil gəlib götürsünlər. Anamla söhbət elədilər, məni götürüb birbaşa polis şöbəsinə gəldik.

Şərhlər

Çox oxunanlar