ABŞERONDA ŞƏHİD VİDADİ ZALOVUN ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR

01.06.2023 13:46     Sosreaksiya     507

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilmişdir. Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir.  Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmişdir. Daha sonra şəhidin əziz xatirəsinə ehsan təşkil olunmuşdur.

Reaksiya.az xəbər verir ki, Şəhid Vidadi Zalovun ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan şəhid Vidadi Zalov ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulmuşdur. Xidməti zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.

Vətən müharibəsindən sonra "Gizirlik kursu"nu keçən şəhidimiz "kiçik çavuş" rütbəsindən "gizir" rütbəsinə yüksəlmişdir. 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində tördilən təxribat nəticəsində Vidadi Zalov döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur.

Nurgul

Reaksiya.az

Şərhlər