Azərbaycan ərazisində ekoloji soyqırım törədilib
12.07.2023 17:41 Sosreaksiya 1090
Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ətraf mühiti və təbii sərvətləri illərdir ki, ermənilər tərəfindən məhv edilib, talanıb. Təbii resurslarımız vəhşicəsinə istismar olunub ki, bu da Azərbaycanın təbiətinə, milli sərvətinə böyük zərbə olub. O torpaqlarda ekoloji terror yaşanıb və ermənilər bunu şüurlu şəkildə həyata keçirərək, Azərbaycan ərazisində ekoloji soyqırım – ekosid törədiblər. Bu terror təkcə Azərbaycana qarşı deyil, bütün regiona qarşı törədilmiş cinayətdir. Çaylarımızı, meşələrimizi , milli sərvətlərimizi məhv ediblər. Və bu işdə ermənilərə havadarları köməklik edib. Bütün bunları bərpa etmək üçün illər və milyardlarla vəsait lazım olacaq.
Reaksiya.az xəbər verir ki, bu sözləri siyasi ekspert Günay Cəfərova deyib.
Bu gün Azərbaycan işğaldan azad etdiyi torpaqların faunasını, florasını bərpa etməyə çalışır. Öz çıxışlarında dəfələrlə bu məsələni vurğulayan ölkə başçısı cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də qeyd elədi ki, "Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurulub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar".
Məhv edilmiş təbiət obyektlərinin və bütövlükdə ekosistemin bərpası uzun sürən prosesdir. Ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Bu gün qarşımızda duran əsas məqsəd işğaldan azad edilən torpaqların, o cümlədən Şərqi Zəngəzur və Qarabağ iqtisadı rayonlarının bərpası, burada insanların yaşaması üçün müvafiq şəraitin, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının təmin edilməsidir.
Dövlətimiz bu ərazilərdəki bərpa işlərinə lazımi maliyyə vəsaiti, bütün gücləri səfərbər edib. Bu işdə hər kəs öz üzərinə düşən vəzifəni icra etməklə vətəndaş həmrəyliyi göstərərək məsələyə daha ciddi və hüquqi baxımdan düzgün qiymət verilməsi üçün fəal mövqedə olmalıdır.
Nurgül
Şərhlər