İnklüziv təhsil təlimlərdən asılıdır - EKSPERT RƏYİ

22.08.2015 16:13     Sosreaksiya     2447

Təhsil Nazirliyi “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlərə start verib. Reaksiya.az layihə ilə bağlı Təhsil üzrə ekspert Məlahət Mürşüdlünün fikirlərini öyrənib. İnklüziv təhsilin bizim təhsil sistemində yeni olmadığını bildirən M. Mürşüdlü əlavə edib ki, son illərdə təhsilin tam orta məktəblərdə tətbiqi və kadr hazırlığı ilə bağlı müəyyən addımlar atılıb. “Bu işdə Təhsil Nazirliyinin Qeyri-hökümət Təşkilatları ilə əməkdaşlığı, qabaqcıl təcrübənin öyrənilərək bizim pedaqoji mühitə adaptə edilmiş üsullarının hazırlanması tədbirlər sırasına daxildir. Bu ildən İbtidai siniflərdə tətbiqi üçün müəyyən hazırlıq vardır. Bu təhsilin tətbiqini mövcud qanunverici sənədlər labüd edir. İnklüziv təhsilin spesifik xüsusiyyətləri vardır. Bu tətbiqin bizim bütün məktəblərdə olub olmayacağı isə pilot məktəblərdəki təlimlərin nəticəsindən asılı olacaq” - deyə M.Mürşüdlü bildirib. Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılan layihə, ilk olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək. Qeyd edək ki, layihənin icraçıları üçün təşkil olunan təlimlər alman mütəxəssisləri tərəfindən keçirilir.

Şərhlər

Çox oxunanlar