Qarabağa getmək istəyənlərin nəzərinə!

24.07.2023 13:08     Sosreaksiya     492

İyulun 26-da, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq.

Bu barədə "Reaksiya.az"a Nazirlikdən məlumat verilib.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün portal müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 585 reys həyata keçirilib, 23894 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Şərhlər