Abşeronda şəhid ailələri və qazilərlə növbəti görüş keçirildi - FOTOLAR
02.08.2023 16:12 Sosreaksiya 891
Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və qazilərlə növbəti görüş keçirilib.
"Reaksiya.az" xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova və “Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və Veteranları” İB-nin Abşeron rayon sədri Süleyman Cəfərov iştirak edib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı zəfərdən danışaraq zabit və əsgərlərimizin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan söz açıb. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixi olduğunu söyləyərək qeyd etmişdir ki, Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimiz daim hörmət və ehtiramla yad edilir. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə diqqət və qayğı davamlı olaraq göstərilməkdədir.
Görüş zamanı Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədovanın övladının təhsil haqqının ödənilməsi, Vətən müharibəsi şəhidi İsmayıl Qəsəbovun həyat yoldaşı Lalə Qəsəbovanın iş yeri ilə təmin olunması, Vətən müharibəsi şəhidi Elbrus Bayramovun həyat yoldaşı Gültəkin Bayramovanın övladının müalicə xərclərinin ödənilməsi, həmçinin Vətən müharibəsi qazilərindən Ramin Rzayevin əlilliyin təyin olunması üçün dəstək göstərilməsi, Ruslan Rüstəmovun maddi dəstəyin olunması kimi müraciətləri və digər görüş iştirakçılarının müxtəlif müraciətləri dinlənilib, qaldırılan bir çox məsələlər yerindəcə həll edilib, digər məsələlərin qısa zamanda həlli ilə bağlı isə müvafiq tapşırıqlar verilib.
Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi olaraq rayonun qəsəbə və kəndlərində yerlərdə keçirilən səyyar qəbullar zamanı şəhid ailələri və qazilərin iştirakı təmin edilir, eləcə də Rayon İcra hakimiyyətinin inzibati binasında müraciətləri əsasında növbəsiz görüşlər keçirilərək qayğıları ilə maraqlanılır və həlli üçün müvafiq işlər görülür.
Şəhid ailələrinin üzvləri və qazilər həyatlarının hər bir anlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini söyləyərək buna görə təşəkkürlərini ifadə etmişlər.
Şərhlər