Şəhərli olmaq üçün şəhərə gəldim - Ancaq şəhərli ola bilmədim...
22.08.2015 17:11 Sosreaksiya 3127

Gecə barına düşən kənd qızının acı hekayəti
Soyuqdan əl-ayağı əsir, dodaqları titrəyir, rəngi göyərib. Başını əllərinin arasında sıxıb gözlərini məchul nöqtəyə zilləyib. Ətrafında onlarla insanın olmasına baxmayaraq heç kimi görmür sanki. Deyəsən heç eşitmir də. Eşitsəydi, dəfələrlə cağırışıma heç olmasa, bircə dəfə reaksiya verərdi. Polislər qolundan tutub maşına aparırlar. "Mən də gedəcəyəm onunla" deyib israr edirəm.
Artıq bir saatdan çox keçib. Yavaş-yavaş özünə gəlir. Polislər kimliyini də müəyyən ediblər artıq. Adı Kəminədir, Bakıda ali təhsil alırmış. Bu il ali təhsilini bitirib rayona, valideynlərinin yanına qayıtmalı idi. Ancaq nədənsə çantaları ilə birlikdə avtovağzala getməkdənsə taksini dəniz kənarına sürdürüb. Bundan sonrasını, lap elə başdan sonacan özündən öyrənməyə çalışdım. Ürəyi doluymuş yazığın, dərdləşməyə kimsəsi yox imiş bəlkə də. Bir kəlmə danışır, ondan çox damcı süzülür yanağından. Qəribəsi odur ki, Kəminə səssiz-səmirsiz ağlıyır.
“Kəminə, gözəl bacı, axı nə olub sənə, bəlkə bacı kimi danışaq səninlə. Mənim bacım yoxdur və bacısızlığın əzabını hər zaman hiss etmişəm. Nə sirrimi, sözümü paylaşacaq, nə də ağrıyanda dadıma qaçacaq bir bacımın olmaması çox pisdir. Bəlkə mənə bacı olasan. Və ya bəlkə də mən sənə bacı ola bilərəm”.
Başını qaldırmadan danışmağa başlayır:
-Başqa çarəm yox idi. Onsuz da evə qayıdandan sonra öldürüləcəkdim. Öldürüləcəyimdən qorxduğum üçün də etməmişəm bunu. Atamın, qardaşımın türməyə düşməsinə səbəb ola bilməzdim”
-Axı səni niyə öldürsünlər, nədir günahın?
-Siz olsanız, öldürməzdinizmi? Yolunu savadlı mütəxəssis kimi gözlədiyiniz qız qarnında uşaqla qayıtsaydı, öldürməzdinizmi?
Nitqim quruyur, indi mənim rəngim göyərir, dodaqlarım əsir, planlaşdırdığım sözlər boğazımda düyünlənir, beynimdə ildırım çaxır sanki. İki hərfdən ibarət bir sözə gücüm çatır ancaq.
-Nə?
-Hə, hamiləyəm. Dördüncü aya keçib artıq.
İstər-istəməz nəzərlərim qarnına yönəlir. Əməlli-başlı bilinirmiş hamiləliyi. Dolu bədənli olsaydı, bəlkə də çox hiss olunmazdı.
-Hamilə olmaq cinayət deyil, bacım (bacım kəlməsi bu dəfə zorla çıxır ağzımdan, hələ dünyaya gəlməmiş balasını öldürməyə cəhd edən qadın mənim bacım ola bilərdimi???).
-Hamilə olmaq cinayət deyil, xoşbəxtlikdir. Ancaq mən o xoşbəxtliyi dadanlar sırasında deyiləm. Hamilə olmaq, ana olmaq deməkdir. Ərə getmədən uşaq doğanlar isə ana yox, əxlaqsız qadın olurlar ancaq. Əxlaqsız qadın damğasıynan yaşamaq ölümdən də betərdir. Həm də heç məni yaşatmazdılar axı...
-Kəminə, bəlkə lap başa qayıdasan?
-Mən ali məktəbə hazırlaşanda qohum-qonşu atama deyirdi ki, “gözəl-göyçək qızdı, təkbaşına oxumağa göndərmə, “şəhər yeyər” bunu. Bu qədər istəyəni var, birinə ver getsin. Oğlunu oxudarsan”. Kaş elə onda atam buraxmazdı məni, sinif yoldaşlarım kimi birinə ərə verəydilər... Nə bilirdim axı belə olacağını. Mən şəhərə böyük ümidlərlə gəlmişdim, oxuyub şəhərdə qalacaqdım, kənddə geyinə bilmədiyim əlbisələrim olacaqdı, şəhər qızları kimi oturub, duracaqdım. Bir sözlə, şəhərdə doğulmasam da, şəhərli olmaq üçün şəhərə gəldim. Ancaq şəhərli ola bilmədim... Bu şəhər arzularının dalıyca qaçan qızlar üçün çox böyükdür... Akula olub uddu məni şəhər. Az zamanda özümü gecə barlarında, diskolarda tapdım. Əvvəlcə xoş gəlirdi mənə bunlar, xoşbəxt idimmm... O xoşbəxt gecələrin birində özümü kirlənmiş, məhv olmuş gördüm... O qədər sərxoş olmuşdum ki, kiminlə bərabər olduğumunun belə fərqində deyildim... Ayılanda isə çox gec idi...
-Sonra nə baş verdi? Gündə birisiylə eşy-işrətəmi başladın?
-Həmin gecədən sonra bir neçə gün özümə gələ bilmədim. Bütün günü ağlayırdım, yatırdım. Sonra fikirləşdim ki, getməliyəm, rəfiqələrimdən ayrılmalıyam. Və elə də etdim, çıxdım ordan. Başqa yerdə ev tutdum, həyatıma davam elədim, ancaq bu dəfə tam başqa şəkildə. Kənddə necə idimsə, burda da eləcə oldum. Hörüyü gərdənində, ətəyi topuğundan, allah verən bər-bəzəklə. Ancaq çox təəssüf ki, əvvəlki kimi tər-təmiz olmağım mümkün olmadı. Dörd ay keçmədi ki, hamilə qaldığımı öyrəndim... Qızların həyatı bir dəfə sönür, mən də özüm öz həyatımı bilərəkdən, ya da bilməyərəkdən məhv elədim...
Bu vaxt polis leytenantı otağa daxil olub Kəminəni aparır. Daha çox danışa bilmirəm. Və məncə heç danışdırmalı bir şey də qalmamışdı... Şəhərin parıltısına qaçıb qaranlığında məhv olan qızlardan biri də Kəminə idi...
Şərhlər