Baş Prokurorluqdan vətəndaşın şikayəti ilə bağlı açıqlama
10.08.2023 13:12 Sosreaksiya 958
Bir sıra sosial şəbəkə kanallarında vətəndaş Ramil Hüseynovun ona məxsus mənzilin qanunsuz ələ keçirilməklə hüquqlarının pozulması, şikayəti üzrə hüquq-mühafizə orqanlarında qeyri-obyektiv araşdırma aparılması ilə bağlı həqiqətə uyğun olmayan müraciətləri yayımlanıb.
"Reaksiya.az" verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir
"Qeyd edilənlər tərəfimizdən təkzib edilməklə bildirilir ki, vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub.
Belə ki, yaşadığı mənzilin girov qoyulması müqabilində R.Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına müvafiq bank tərəfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilsə də, R.Hüseynov tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı bankın mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında mənzilin satılaraq borcun ödənilməsi, artıq qalan məbləğin isə vətəndaşa qaytarılması qərara alınıb", - açıqlamada qeyd edilir.
Vurğulanıb ki, qeyd edilən mənzil ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən 118 min manata dəyərləndirilməklə satılıb, lakin R.Hüseynov heç bir əsas olmadan mənzili tərk etməyib:
"Mülki iş üzrə cavabdeh olan R.Hüseynov tərəfindən qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli, Ali Məhkəmənin isə 08.05.2019-cu il tarixli qərarları ilə təmin edilməyib.
Bununla yanaşı, R.Hüseynov mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə müraciəti üzrə Bakı şəhəri Yasamal rayon polis idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlar təsdiq olunmadığından 10.03.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19.04.2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 01.05.2023-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vətəndaş tərəfindən irəli sürülən xüsusatların hərtərəfli araşdırılmasına, eləcə də müvafiq məhkəmələr tərəfindən qəbul edilmiş qərarların qüvvədə saxlanmasına dair qərarlar qəbul edilməsinə baxmayaraq, R.Hüseynov əsassız olaraq bəzi sosial şəbəkə kanalları vasitəsilə hüquq-mühafizə orqanlarının nüfuzuna və qanuni fəaliyyətinə yönəlmiş böhtan xarakterli fikirlər səsləndirməklə hadisələri təhrif edərək öz mənafeyinə uyğun qanunsuz qərarların qəbul olunmasına cəhd edib.
Bununla əlaqədar, R.Hüseynov bir daha Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilməklə ona irəli sürdüyü xüsusatların mülki mühakimə icraatı qaydasında baxılaraq qanunamüvafiq qərarların qəbul edildiyi, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət hüququnun olması izah edilib".
Şərhlər