Milli Aviasiya Akademiyasında IX beynəlxalq elmi-praktik gənclər konfransı işini davam etdirir

09.02.2024 19:45     Sosreaksiya     163

Milli Aviasiya Akademiyasında fevralın 8-10-da keçirilən “Fevral məruzələri-2024: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” IX beynəlxalq elmi-praktik gənclər konfransının “Nəqliyyatda logistik problemlər” bölməsi üzrə bir sıra tədbirlər keçirilib.

Reaksiya.az xəbər verir ki, konfransın 1-ci günündə proqrama uyğun olaraq “Nəqliyyatda logistik problemlər” bölməsi üzrə onlayn şəkildə ustad dərsləri keçirilib.

“Zəngəzur dəhlizinin strateji əhəmiyyəti” mövzusunda ustad dərsini logistika sahəsində tanınmış mütəxəssis Alparslan İmamqulu, “Azərbaycanda logistikanın modernləşdirilməsi və rəqəmsallaşması. Yeni bazarlara çıxış” mövzusunda olan ustad dərsini “Retems Group” şirkətinin baş direktoru Orxan Musayev aparıb. Daha sonra “Nəqliyyatda logistik problemlər” bölməsi üzrə Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin 23 gənc tədqiqatçısının məruzəsi dinlənilib.

Konfransın 2-ci günündə MAA-nın kitabxanasında BalaAğa Kərimov, Elman Nəcəfov, İndira Asilbekova, Alparslan İmamqulunun həmmüəllifliyi ilə hazırlanmış rus dilində “Beynəlxalq nəqliyyat dəhlizləri və logistika mərkəzləri” (Международные транспортные коридоры и логистические центры) kitabının təqdimatı keçirilib.

Alparslan İmamqulunun moderatorluğu ilə keçirilən tədbirdə MAA-nın Nəqliyyat texnologiyaları fakültəsinin dekanı dosent Nazim Nağıyev çıxış edərək beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyəti və Azərbaycanın bu dəhlizlərə qoşulmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rolu barədə geniş məlumat verib, kitabın tələbələr və gənc tədqiqatçılar üçün əhəmiyyətini vurğulayıb.

MAA-nın Avianəqliyyat istehsalatı kafedrasının dosenti BalaAğa Kərimov çıxış edərək MAA ilə Qazaxıstan Mülki Aviasiya Akademiyası arasında elmi-pedaqoji fəaliyyət sahəsində sıx əməkdaşlığın mövcud olduğunu və bu xüsusda “Beynəlxalq nəqliyyat dəhlizləri və logistika mərkəzləri” adlı dərs vəsaitinin birgə əməkdaşlıq nəticəsində ərsəyə gəldiyi barədə məlumat verib.

MAA-nın kitabxana müdiri Günel Şıxəliyeva kitabxana fondu haqqında məruzə edib.

MAA-nın 1-ci kurs magistrantı Aytac Mustafayeva “Beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasının nəzəri aspektləri” mövzusunda məruzə ilə çıxış edib.

“Şirvan Xeyriyyə Cəmiyyəti”nin sədri Adəm İsmayıl Bakuvi “Nəqliyyatda logistik problemlər” bölməsində edilmiş məruzələr arasından “Nəqliyyat dəhlizləri mövzusunda ən yaxşı məruzə” nominasiyasının qalibi, magistrant Aytac Mustafayeva və kitabın hazırlanmasında aktiv iştirak edən 2-ci kurs magistrantı Dana Sosunovaya qiymətli hədiyyələr təqdim edib.

Kitab təqdimatında MAA-nın professor müəllim heyəti, Azərbaycanın müxtəlif nazirlik, dövlət komitələri və şirkətlərindən dəvət olunmuş şəxslər, logistika üzrə mütəxəssis hazırlayan ali təhsil müəssisələrinin nümayəndələri, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin rəhbər şəxsləri, doktorant və magistrantlar iştirak ediblər.

Reaksiya.az

Şərhlər