Elçin Quliyev müşavirə keçirdi: Tapşırıqlar verildi

22.02.2024 12:15     Sosreaksiya     60

Hərbi Hospitalda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən “DSX-də hərbi-tibbi təminatın təşkili sahəsində yeni innovativ yanaşmaların tətbiqi” mövzusunda xidməti müşavirə keçirilib.

DSX-dən Reaksiya.az-a verilən məlumata görə, xidmət rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Dövlət başçısının Hərbi Hospitalın yeni binasının açılışında iştirak etməsinin Azərbaycan sərhədçilərinə Ali diqqətin növbəti təzahürü olduğunu xüsusi vurğulayıb.

Daha sonra Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının rəisinin və digər həkimlərin struktur qurumlarda tibb sahəsində görülən işlər barədə ətraflı məruzələri dinlənilib, hərbi tibbi təminatın daha da gücləndirilməsinə daim diqqət yetirilməsinin vacibliyi qeyd edilib, zəruri tövsiyə və tapşırıqlar verilib.

Hərbi tibb müəssisələrində hərbi qulluqçulara ixtisaslı həkimlər tərəfindən lazımi tibbi yardımın göstərildiyi, eləcə də şəxsi heyət arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə mütəmadi profilaktik tədbirlərin həyata keçirildiyi bildirilib.

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospital kompleksinin açılış mərasiminə dair videoçarx nümayiş olunduqdan sonra xidmətdə fərqlənmiş tibb işçiləri rəğbətləndirilib.

Reaksiya.az

Şərhlər