Elşad Miri: "Ona qalsa, Amerika çoxdan məhv olmalıydı"

08.06.2015 18:31     Sosreaksiya     3275

"Teleaparıcının din xadimi kimi fətva verməsi gülüncdür"

"Cəmiyyətdə ideoloji boşluq yaranıb, ona görə də, hər kəs dini öz baxış bucağından təqdim etməyə çalışır"

İlahiyyatçı Elşad Miri ANS-in teleaparıcısı Elnarə Təhməzovanın hicab taxan xanımların və inanclıların ünvanına xoşagəlməz ifadələr işlətməsinə münaisbət bildirib.

O qeyd edib ki, teleaparıcının sözlərində birbaşa təhqir olmasa da, teleaparıcının dini alim kimi fətvalar verməyə çalışması, özündən iddialar irəli sürülməsi yersiz və gülüncdür: "Telekanallarda dini verilişlərə, mənəvi maarifləndirməyə yer verilmir. İnanclı insanların çoxu isə Türkiyə kanallarına baxırlar. Məktəblərdə də dini əsasların tədrisinə yer verilmir. Cəmiyyətdə ideoloji boşluq yaranıb, ona görə də, hər kəs dini öz baxış bucağından təqdim etməyə çalışır".

Teoloq ölkədəki tolerantlıq məsələsinə də toxunub: "Ölkəmiz tolerantdır, lakin bəzi insanlarımız tolerant olmaqda çətinlik çəkir. Sosial şəbəkələrdə və KİV-də vaxtaşırıq dini möbühasilərin, qarşıdurmaların şahidi oluruq. Hər kəs öz bildiyi kimi yanaşır və başqalarını da özü kimi görməyə çalışırsa, nəticədə qarşıdurmaların olması gözləniləndir. Kimsə mövhumata qarşıdırsa, mən də qarşıyam. Lakin o, dinə mövhumatlar prizmasından baxır, mənsə mövhumatları dindən kənarda görürəm".

E.Miri digər azərbaycanlı ilahiyyatçı Əkrəm Həsənovun bu gün Reaksiya.Az saytına verdiyi açıqlamanı da (Ə.Həsənov təbii fəlakətlərin Allahın qadınları qısqanmasından dolayı baş verdiyini demişdi) şərh edib.

"Bunu deyənlərin ya dindən elə də başları çıxmır, ya da məsələyə hansısa qrupların təfəkkürü ilə yanaşırlar. Ona qalsa, gərək dünyada heç bir dövlət mövcud olmayaydı. Bu anlayışla Amerika qitəsi məhv olmalıydı. Bu cür açıqlamalar həyatın nəbzini tuta bilməməkdən irəli gəlir. Hansısa hədisə, hansısa məsələyə başqa cür yanaşmaq, ümumi qiymətləndirmə vermək savadsızlıqdır. Məhəmməd peyğəmbərin vaxtında Məkkə əhaləsinin çoxu İslamı qəbul etməmişdi, onu daş-qalaq da etmişdilər. Amma peyğəmbər Allahdan həmin şəhərin məhvini istəmədi, əksinə onların hidayəti üçün çalışdı. İslam dini insanların məhvi üçün deyil. Bu cür ifadələr səsləndirmək dinin universallığını məhdudlaşdırmaqdır", - deyə teoloq vurğulayıb.

 

 

 

 

 

Şərhlər