Şirkətə edilən dələduzluq faktı ilə bağlı açıqlama - EKSKLÜZİV

24.08.2015 16:25     Sosreaksiya     1916

Mediada yayılan məlumata görə, Azərbaycanda “Mətanət-A”  şirkətinin rəhbərinə qarşı dələduzluq edilib.

İnformasiyada qeyd edilir ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov Binəqədi RPİ-yə müraciət edərək tanıdığı şəxs tərəfindən ona məxsus 10 min manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda həmin pulu qaytarmaq istəmədiyini bildirib.

Məsələ ilə bağlı “Mətanət-A” şirkətindən adının çəkilməsini istəməyən mənbə Reaksiya.az-a açıqlama verib.

O qeyd edib ki, göstərilən xəbərin müəyyən hissəsi doğrudur, lakin dələduzluq faktı yoxdur: “Bu şirkət rəhbərinə yox, “Mətanət-A” şirkətinə qarşı qeyri-professional yanaşmadır. Şirkət müəyyən işlərin icrası üçün podratçı bir şirkətlə xidməti bir müqavilə imzalayıb və işin icrası üçün avans verib. Lakin qeyd olunan vaxt çatsa da, avans alan şəxs ortalarda görünməyib və iş icra olunmayıb”.

Mənbə onu da deyib ki, polisə müraciət olunduqdan sonra həmin şəxs tapılıb və polis bölməsinə gətirilib. Hal-hazırda həmin şəxs işin icrası üçün yenidən öhdəlik götürüb və işin icrasına başlanılıb.

Adının açıqlanmasını istəməyən mənbə deyib ki, polis öz işini yüksək peşəkarlıqla görüb və anlaşılmazlıq aradan qaldırılıb.

 

Şərhlər