Füzuli şəhərinə köçürüləcək daha 139 ailəyə mənzillər təqdim olunub
01.03.2024 18:30 Sosreaksiya 202
Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Qaçqınkom) Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Reaksiya.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, püşkatmada 139 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənzil təqdim olunub. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrinin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirilir.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
Şərhlər