“Bizim müdafiə ordumuz yoxdur” - Vikipediyada

24.08.2015 17:07     Sosreaksiya     1974

Rusiya rəsmiləri Vikipediyada yerləşdirilmiş bir sıra məqalələrin saytdan yığışdırılmasını tələb edir və bununla bağlı Vikipediya nümayəndələri ilə danışıqlara getmək istəyir. Vikipediyadan heç bir cavab əldə edilə bilmədiyindən Həştərxan Məhkəməsi ölkədə Vikipediyanın əngəllənməsi ilə bağlı artıq qərar qəbul edib.

Bildiyimiz kimi, ölkəmizdə də Vikipediyadakı bəzi məqalələrdən narazılıqlar yaşanır. Vikipediyanın Azərbaycan dili bölməsində digər bölmələrdə olduğu kimi ölkəmizin maraqlarına, tarixinə, mədəniyyətinə, şəxsiyyətlərinə xələl gətirə biləcək yazılar yerləşdirilir.

Reaksiya.az Vikipediyanın keçmiş administratorlarından biri ilə əlaqə saxlayaraq bir neçə suala cavab alıb.

– Azərbaycanda Vikipediyanın durumu hansı yerdədir?

– Vikipediyada qruplar, sifarişlə işləyənlər var və onların fəaliyyəti belə deməyə əsas verir ki, ölkəmizin mənafelərinə zidd getməyi qarşılarına konkret məqsəd qoyublar. Siyasi tarixi bilməyən çox savadsız adamlar yığışıb tarixdən yazırlar. Məsələn, “Azərbaycanda homoseksualın tarixi” adlı məqalə yazırlar və Azərbaycanın tarixini saxtalaşdırılmış, ifrat şəkildə təqdim edirlər. Tarix institutu buna öz reaksiyasını bildirdi ki, burada təmamilə saxta mənbələr göstərilib, Azərbaycan tarixinə uyğun olmayan, qərəzli mövqe daşıyan məlumatlar verilib. Ancaq həmin o qruplar buna reaksiya vermədilər, öz işlərini davam etdirdilər. Eyni zamanda həmin o mövzuda çoxlu məqalələr yazılır, Azərbaycan mədəniyyyəti, Azərbaycan mentaliteti təhrif olunur, Məqalənin yazılmasında birbaşa iştirak edən Səfər Azəri Tarix İnstitutunun alimlərinə böhtan atmaqdan belə çəkinməyib. Vikipediya forumunda o yazır: “Ümumiyyətlə Tarix institutu və onun əksər əməkdaşlarının tədqiqatları vikipediya üçün akademik mənbələr hesab edilmirlər və sırf təbliğat xarakteri daşıyırlar". Sual oluna bilər: Əgər AMEA-nın Tarix institutunun alimlərinin yazıları akademik mənbə sayılmırsa, bəs Səfər Azəri Azərbaycan tarixindən yazarkən akademik mənbə kimi kimlərin əsərlərindən istifadə edir?

– Ermənilərin müdaxilələri də müşahidə edilirmi?

– Bəli, ermənilərin, eləcə də Azərbaycana qarşı düşmən mövqedə olan bəzi  qrupların da müdaxilələri olur. Hətta, Azərbaycanın özündən Vikipediyaya müdaxilə edərək xalqımızın milli-mənəvi dəyərlərini ləkələməyə çalışanların milliyəti dəqiq bilinməyənlər heç də az deyil. Erməninin müdaxiləsi anlaşılandır və bilirik ki, düşməndir və ondan nə desən gözləmək olar və bu müdaxilə nəzarət altındadır. Burada ən ağrılı olan odur ki, özlərini azərbaycanlı adlandıranlar bəzən ermənilərin belə ağıllarına gəlməyəcək böhtanlarla tariximizi, mədəniyyətimizi ləkələyirlər. Sapı özümüzdən olan bu baltalar Azərbaycanın dövlət xadimləri, alimləri, ziyalıları haqqında qərəzli, məqsədli fikirlər yazırlar. Hansısa şəxslə bağlı şəxsi-qərəzliyi varsa, onu Vikipediyada vurmağa çalışırlar. Azərbaycan xalqına ləkə vurulur, çirkab atılır və bunların da qarşısı alınmır.

Bu gün Azərbaycan Vikipediyasında  nüfuzlu alimlərimizin, ziyalılarımızın iştirak etməməsinin səbəbləri araşdırılımalıdır. Vikipediyaya dövlət nəzarətinin olmaması burada müəyyən qüvvələrin toplanmasına səbəb olub. Mövcud mühit son aylar Vikipediyadan bir çox ziyalıların birdəfəlik getməsinə səbəb olub. İndi orada qalanların əsas hissəsini 20-25 yaşlarında təcrübəsiz gənclər və ya hər hansı ideyanı təbliğ etməyə çalışan müəyyən radikal qrupların üzvləri təşkil edir.

– Ümumiyyətlə dövlət tərəfindən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəyyən institutları tərəfindən bu işə diqqət göstərilibmi, problemlərin həlli istiqamətində səfərbərlik olunubmu?

– Akademiyada viki-mərkəz yaradılıb və AMEA-nın hər bir institutu tərəfindən işçi qruplar təşkil olunub. Burada əsas məqsəd Azərbaycan alimlərinin həyat və fəaliyyətləri, nailiyyətləri haqqında Vikipediyaya məlumat yerləşdiriməsidir. Məncə, müəyyən məbləğdə vəsaitlər ayrılmalıdır ki, xüsusi insanlar Vikipediyada Azərbaycanın həqiqətləri, tarixi, mədəniyyəti, elmi haqqında məlumatları yerləşdirsinlər. Vikipediyada Azərbaycan mədəniyyətini və tarixini dünyaya təqdim edən fəal qruplar üçün maliyyə dəstəyi olmalıdır. Burada informasiya müharibəsi gedir. Çoxu elə bilir ki, xakerin saytı sındırması informasiya müharibəsidir.  Xeyr, informasiya müharibəsi odur ki, müharibə əvvəlcədən planlaşdırılır, müharibə üçün müəyyən əsgərlər hazırlanır, müəyyən maliyyə dəstəyi verilir, məqsəd təyin olunur, müharibə üsulları təyin olunur və konkret hücuma keçilir. Müharibə strategiyası əıvvəlcədən müəyyən olunur və bir mərkəzdən idarə olunur. Vikipediyada Azərbaycana qarşı müharibə aparanların ordusu var. Problem də odur ki, buna qarşı bizim müdafiə ordumuz yoxdur. Bu ordu da maliyyə dəstəyi ilə yaradılmalıdır. Bu ordu müasir texnologiya ilə təchiz olunmuş mütəxəssislərdən, alimlərdən təşkil olunmalıdır. Yalnız o zaman informasiya müharibəsində qalib gəlmək olar. 

Şərhlər