Musiqi terapiya kimi - VİDEO

24.08.2015 17:58     Sosreaksiya     2561

“Musiqi terapiyası” ifadəsinə tez-tez rast gəlinir.

Hələ qədim dövrlərdə Hippokrat və Pifaqorun xəstələrini sağaltmaq üçün musiqidən istifadə etdiyi məlumdur. Musiqinin insanın fiziki və emosional vəziyyətinə  müsbət təsir etdiyi elmi surətdə sübuta yetirilib. Musiqi stresi azaltmaqla yanaşı, ağrıkəsici vasitə kimi də təsir göstərir. Ürək-damar  sistemi xəstəliklərinin qarşısını alınmasında, beyin hüceyrələrini stimullaşdırılmasında, iş qabiliyyətini yüksəldilməsində musiqinin rolu əvəzsizdir.

BBC radiosunun musiqinin insan sağlamlığına təsiri ilə bağlı keçirdiyi sorğuda iştirak edənlərin 80 faizi bildirib ki, onlar xəstə və əzgin vaxtlarında musiqi dinləyərkən vəziyyətləri yaxşılaşır.

Maraqlısı odur ki, xəstə olan insanların əksəriyyəti “Queen” Britaniya rok qrupuna məxsus “Bohemian Rhapsody” ifasına üstünlük verib. Xəstə insanların əhvalını qaldıran ikinci musiqi isə İsveçin “ABBA” qrupuna məxsus “Dancing Queen” mahnısı olub. Üçüncü yerdə isə Farell Uilyamsın “Happy” mahnısı gəlir.

İnsanların 70 faizi xəstəlik zamanı mahnıya qulaq asmaq istəyir. 36 faizi isə sağalmaq üçün musiqidən çox, səsə qulaq asmağa üstünlük verir.

Britaniya alimlərinin insult keçirmiş insanlar üzərində apardığı mini-eksperimentin nəticəsi də maraq doğurub. London Universitetinin alimləri öz pasiyentlərinə ksilofonda çalmağı öyrətməyi qərara alıblar. Getdikcə xəstələrin vəziyyəti düzəlməyə başlayıb. Alimlər xəstələrin insult nəticəsində zədələnmiş bədən üzvlərinin prosesə qoşulmasını asanlaşdırmaq üçün getdikcə alətin taxtaları arasındakı məsafəni böyüdüblər.

Bu reabilitasiya praktikası uğurlu olub, pasiyentlərin göstəriciləri xeyli yaxşılaşıb. Qeyd edək ki, beynin bir hissəsi zədə aldığı təqdirdə belə müalicə effektli olur.

Musiqinin sağlamlığa təsiri səslərin vibrasiya vasitəsilə energetik sahə yaratması ilə izah olunur. Həmin sahə insan orqanizminin hər bir hüceyrəsini rezonans etdirir. İnsan "musiqili" enerjini udur və bu enerji insanın tənəffüsünü, nəbzini,  ritmini, arterial təzyiqini, temperaturu normallaşdırır, əzələ gərginliyini  aradan qaldırır. Düzgün seçilmiş  melodiya xəstə adamlara yaxşı təsir göstərir, bu isə sağalma prosesini sürətlənməsinə təsir göstərir.

Harmonik olmayan musiqi elektromaqnit dalğalarının  köməyi ilə  qan təzyiqini, ürək yığılmalarının tezliyini, tənəffüsün ritmini və dərinliyini dəyişə bilir.

Sonda sizə “Queen” qrupunun “Bohemian Rhapsody” ifasını təqdim edirik.

Şərhlər