Rusiya ilə 4,5 milyard səviyyəsinə yaxınlaşırıq - Əliyev

06.03.2024 19:45     Sosreaksiya     53

Rusiya ilə iqtisadi-ticari sahəsində nəticələr tamamilə qənaətbəxşdir, 17 %-lik artım var.

Reaksiya.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşündə deyib.

"Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.

Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.

Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir", - dövlət başçısı bildirib.

M. Mişustin sənaye sahəsində daha çox layihələrin olduğunu vurğulayıb:

"Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar