Abşeronda şəhid ailələrinin xanım üzvləri üçün tədbir - FOTO

07.03.2024 18:38     Sosreaksiya     241

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qiz övladları üçün “Dünyada ən uca zirvədir - Qadın” mövzusunda bayram şənliyi keçirilib.

Reaksiya.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin və rayonun idarə-təşkilat rəhbərləri, YAP Abşeron Təşkilatının sədri, şəhid ailələri iştirak edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük önəm vermiş və onların dövlət idarəçiliyinə cəlb edilməsində mühüm addımlar atmışdır. Bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət idarəçiliyinin ən yüksək pillələrində qadınların təmsil olunduğunu qeyd edən RİH başçısı bildirib ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən fəaliyyəti nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, onların Vətən Müharibəsində göstərdiyi fədakarlığından, ölkəmizin ictimai həyatına verdikləri töhfələrdən bəhs edən Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Gənclərin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində Azərbaycan analarının əvəzsiz rolunun olduğunu qeyd edən RİH başçısı Qarabağımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərən şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını söyləyib.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Azərbaycan qadınlarını təbrik edərək qadınlarımızın tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıb, Vətən Müharibəsində xalqımız üçün fədakarlıq, vətənə sonsuz sevgi nümayiş etdirdiklərini qeyd ediblər.

Daha sonra incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub.

Sonda şəhid övladları və abşeronlu məktəblilər tərəfindən şəhid analarına, xanımlarına və onların bizə əmanət qalan qız övladlarına gül dəstələri və hədiyyələr verilib.

 

 

 

Şərhlər

Çox oxunanlar