Aqil Abbas "Qarabağ"ın oyunu haqda: "Zubir elə bil "Bayer"də oynayırdı"
08.03.2024 16:30 Sosreaksiya 241
Ötən gün "Qarabağ" futbol klubu Bakıda UEFA Avropa Liqası çərçivəsində Tofiq Bəhramov adına stadionda Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşdı. Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” klubu oyunu 2:2 hesabı ilə başa vurdu. Sözsüz ki, oyunu Azərbaycan xalqı böyük həyəcanla və sevinclə izləyib.
Reaksiya.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
““Bayer” “Qarabağ”ın üzərinə alman maşını - "Mercedes"lərlə, BMV-lərlə, "Volkswagen"lərlə, “Leopard” tankları ilə gəlmişdi. “Qarabağ” onların qarşısına 11 köhlən, ayğır atlarla çıxmışdı. Hər şey pulda deyil. “Bayer”in elə futbolçusu var ki, qiyməti 100 milyon avrodur. Bu, “Qarabağ”ın 6-7 illik büdcəsindən çoxdur. Hər şeyi ürək həll edir. Prezident İlham Əliyev Vətən müharibəsi ilə bağlı “Biz qələbəni inamımızla, əzmimizlə qazandıq” demişdi. Dünənki oyunda allah “Qarabağ”ın yanında idi”, - deyə o qeyd edib.
Oyunu çox böyük həyacanla izlədiyini söyləyən millət vəkili möhtəşəm futbol mübarizəsi getdiyini bildirib:
“Zarafatla olsa da, deyim ki, Abdullah Zubir bizdən oynasaydı, beş top vurardıq. Zubir "onların tərəfindən" oynayırdı. Oyunu alınmadı heç. Qurban Qurbanova, komandaya uğurlar arzulayıram. Qurban Qurbanov inamı ilə o nəticəni əldə etdi. O, qeyri-adi adamdır. “Qarabağ”ın axşamkı oyununa görə qurban kəsdirəcəm. Komanda ölkə çempionatında oynayanda da qurban kəsdirirəm. Qurban kəsdirib kənddə paylatdıracam. “Qarabağ” əzizim, sevimlimdir. Bu komanda ilə yaşayıram. Klubun ən kasıb günlərində yanlarında olmuşam. Futbolçular vardı ki, 4-5 ay maaş ala bilmirdilər. Tərlan Əhmədov karyerasının ən gözəl vaxtlarında neçə il “Qarabağ”da maaşsız oynadı. Hansı komanda çağırdı getmədi, “Qarabağı” satmadı”.
Aqil Abbas bildirib ki, bir vaxtlar “Qəbələ” çox yaxşı komanda kimi parıldamağa başlamışdı:
“Klub bir az kasıblayan kimi varlı komandalar oyunçu hazırlamaq əvəzinə “Qəbələ”nin ulduz futbolçularını aldılar. Nəticədə “Qəbələ” də indiki vəziyyətə düşdü. Amma “Qarabağ”ı kiminsə tərk edəcəyinə, qoyub qaçacağına inanmıram. “Qarabağ” könül işidir. Futbolçular kluba ürəklə bağlıdır. Təbii ki, “Bayer” lə cavab oyunumuz qalıb. Almaniyada onları udacağıq. Berlində milyonlarla çox türk yaşayır. İnanıram ki, “Qarabağ”ın Almaniyadakı oyununa gələn türklərin sayı almanların səsini batıracaq”.
Şərhlər