Bu şəxslər güzəştli şərtlərlə mənzil əldə edəcəklər
08.03.2024 16:22 Sosreaksiya 219
Azərbaycanda vətəndaşların sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır. Paytaxtla bərabər, regionlarda vətəndaşların sosial məsələlərinin həllinə böyük diqqətlə və həssaslıqla yanaşılır.
Mənzil İnşaatı Dövlət Agentliyindən Reaksiya.az-a bildirilib ki, agentliyin növbəti layihəsi - Şirvan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Məlumat verilib ki, Şirvan şəhərində səkkiz hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. Doqquz və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. Bunlardan 32-si studiya tipli, 216-sı ikiotaqlı, 768-si üçotaqlı, 248-i dördotaqlıdır. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla bir uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur. Bütün mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təklif olunacaq.
Bir müddət sonra Şirvanda yaşı 35-dən çox olmayan gənc ailə üzvləri və ailə vəziyyətindən asılı olmayaraq, digər vətəndaşlar güzəştli şərtlərlə mənzillər almaq hüququndan istifadə edə biləcəklər.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi Sumqayıt şəhərində icra olunub.
Şərhlər