İşğal altındakı Azərbaycan kəndləri haqda xəbər erməni deputatı HƏYƏCANLANDIRDI
08.03.2024 18:51 Sosreaksiya 169
“Rəsmi İrəvan Azərbaycanın tələblərini təmin etmək və tədricən Ermənistan ərazilərini təslim etmək niyyətindədir”.
Bunu parlamentin müxalif “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan “Ayeli” klubunda çıxışı zamanı bildirib.
O, “Ermənistan əraziləri” işğal altındakı Azərbaycan kəndlərini nəzərdə tutub. Qarnik Danielyan həmin kəndlərin Azərbaycana təhvil verilməsindən həyəcanla danışıb.
“Birinci mərhələdə 4 kəndi, sonra qalanını – Tavuş rayonundan ümumilikdə 7 kəndi və Tiqranaşeni (Naxçıvanın Kərki kəndi-red.) verəcəklər”, - deyən deputat təşvişini gəzlədə bilməyib.
Deputat Ermənistanın Tavuş ərazisinə daxil edilmiş 7 kəndin Azərbaycana qaytarılacağı təqdirdə üzləşəcəkləri təhlükələri də vurğulayıb.
“2020-ci il müharibəsindən sonra Azərbaycan tərəfi Tavuşa hücum etmədi, çünki orada uzun illər istehkam işləri aparılıb, yəni kəndlər veriləcəksə, Ermənistanın şimal müdafiə xətti tamamilə ləğv olunacaq.
Sonra Ermənistana daxil olan qaz kəməri gəlir ki, o da bu ərazidən keçir. Paşinyanın xəyanətkar addımı nəticəsində Rusiyadan gələn qaz kəməri Azərbaycanın nəzarətinə keçəcək... Lori rayonu sərhəd bölgəsinə çevriləcək. Nəticədə Ermənistan unikal anklava çevriləcək”, – Qarnik Danielyan bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatı bu gün yazıb ki, rəsmi İrəvan işğal altındakı 7 kəndi - Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, eləcə də Naxçıvanın Kərki kəndini mərhələlərlə Azərbaycana qaytaracaq.
Şərhlər