Tələb təsdiqləndi: Ordumuz bu kəndlərə girəcək
10.03.2024 10:00 Sosreaksiya 109
Bakı-İrəvan müzakirələrində Qazaxın işğal altında qalan 7 kəndindən 4-nün – anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması məsələsi yenidən aktuallaşıb. Son günlər Ermənistanda da rəsmi dairələr və media bu məsələyə köklənib, ermənilərin ümumi ictimai rəyinə görə, kəndlər qaytarılacaq.
4 kənd birinci mərhələdə qaytarılır, digər 4 kənd – Qazaxın anklav olan 3 kəndi - Sofulu, Yuxarı Əskipara və Barxudarlı, Sədərəyin Kərki kəndinin qaytarılması ikinci mərhələdə müzakirə olunur.
Martın 7-də sərhəddə keçirilən görüşdən sonra Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın açıqlamasından aydın olur ki, Azərbaycan anklav olmayan 4 kəndin dərhal azad edilməsini tələb edir. Ermənistanla delimitasiya üzrə komissiyaya rəhbərlik edən Baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir.
Rəsmi İrəvan Bakının tələbi qarşısına “31 erməni kəndinin ərazisinin qaytarılması” iddiası ilə çıxır. Söhbət sərhəd bölgəsində Azərbaycan ordusunun nəzarət zonasına düşən ərazilərdən gedir. Ki, bu ərazilərin bir hissəsi 44 günlük müharibədən sonra işğal dövründə ermənilərin qanunsuz şəkilədə irəli çəkdiyi dövlət sərhədinin bərpası zamanı nəzarətə götürülüb, bir hissəsi isə I Qarabağ müharibəsindən sonra. Azərbaycan-Ermənistan sərhədi şərti olduğu üçün İrəvanın 31 kənd iddiası əsassızdır, ümumilikdə isə onların “erməni torpağı” adlandırdığı sərhəd bölgəsindəki ərazilər SSRİ dövründə ermənilərə otlaq və əkin sahəsi adı altında verilib. Ermənistanın “31 kəndin ərazisi” istəyi həm də qoşunların geri çəkilməsi planına nail olmağa hesablanıb.
Mövcud vəziyyətdə Bakının tələb etdiyi 4 kəndin qaytarılmasının hərbi müstəvidə reallaşması daha real variant kimi görünür.
Şərhlər