Qanunsuz erməni birləşməsi kəndimizə girəcək - Əməliyyatlar gözlənilir?
12.03.2024 11:20 Sosreaksiya 489
Ermənilərin “Döyüş qardaşlığı” qanunsuz birləşməsi Qazax rayonunun işğalda qalan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır. Qruplaşma yaydığı bəyanatda erməniləri bu səfərə qatılmağa çağırıb.
Maraqlıdır, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onların saxlanılması üçün xüsusi əməliyyat keçirə bilərmi?
Reaksiya.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, belə məqamlarda əleyhimizə istifadə ediləcək addımlardan çəkinmək lazımdır:
“Ermənistan Baş naziri Nikol Paşinyan Qranadada Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini rəsmən tanıyıb. Qazaxın 7 və Naxçıvanın Kərki kəndi həmin 86.6 min kvadrat kilometr ərazinin tərkibindədir. Həmin kəndlərin Azərbaycana geri verilməsi prosesi başlamalıdır. Anklav olmayan kəndlərin təcili qaytarılması məsələsi müzakirəyə çıxarılıb”.
E.Həsənov qeyd edib ki, “Döyüş qardaşlığı”nın bu cəhdləri nəticə verməyəcək:
“Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da 8 kəndin qaytarılmasının delimitasiya prosesi çərçivəsində həll olunmasının vacibliyini vurğulamışdı. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü zamanı Qazaxın anklav olmayan kəndlərinin qaytarılması məsələsi müzakirə olunub. Yaxın zamanda prosesin həlli gözlənilir”.
Politoloqun fikrincə, Avropa İttifaqında və Ermənistanda başlanan anti-Azərbaycan kampaniyasına rəvac verilməməlidir:
“Beynəlxalq hüququn normalarına uyğun yanaşma nümayiş etdirilməlidir. Anklav kəndlər haqqında gələcəkdə xüsusi qərar qəbul edilə bilər. Hətta bu kəndlərin hansısa ərazi ilə dəyişdirilməsi və s. kimi məsələlərin gündəliyə gətirilməsi də istisna deyil”.
Şərhlər