Uşaqlarınızı telefonlardan qoruyun - EKSPERT

25.08.2015 14:10     Sosreaksiya     2332

Xəbər verdiyimiz kimi, bədxassəli şişlər Azərbaycanda miqyasına görə ölümə səbəb olan ikinci ən ağır xəstəlikdir. Ötən il dünyasını dəyişən 55 648 nəfərin 6982-si xərçəngdən əziyyət çəkib.

Reaksiya.az-a açıqlama verən həkim-pediatr Məzahim Bayramov onkoloji xəstəliklərin baş verməsinin üç əsas səbəbi olduğunu bildirib: “Xərçəng xəstəliyi ən çox irsi yolla keçir. Bundan başqa hava çirklənməsi və şüalanma xərçəng riskini artıran əsas faktorlardır”.

Statistikaya görə, bədxassəli şiş xəstəlikləri xeyli “cavanlaşıb” və 2012-ci ilin martından Milli Onkologiya Mərkəzinin nəzdində Qafqaz regionunda ilk Uşaq onkoloji klinikası açılıb.

Pediatr qeyd edib ki, uşaqlar arasında onkoloji xəstəliklərin artmasının əsas səbəbi isə şüalanmaya çox məruz qalmalarıdır: “Bu gün hansı evə baxsan, hamının əlində smatrfonlar, planşetlər, kompüter var. Bütün bu texniki qurğular davamlı olaraq uşağın şüalanmaya məruz qalmasına səbəb olur. Lakin əsas məsələ irsi olaraq yayılmasıdır”.

Qeyd edək ki, ötən il 11 mindən çox şəxsə onkoloji xəstəlik diaqnozu qoyulub. Bu, son illər qeydə alınan ən yüksək göstəricidir. Xəstəlik əsasən tənəffüs yollarında, mədədə və süd vəzisində aşkar edilib. Ümumiyyətlə, isə son 5 il ərzində bədənin müxtəlif orqanlarında xərçəng xəstəliyi aşkar olunanların sayı 50,6 min nəfəri keçib.

 

 

Şərhlər