Bu valideynlər hər ay 395 manat ala bilər

05.04.2024 12:11     Sosreaksiya     166

Azərbaycanda ilk dəfə himayədar ailə modeli yaradılıb. Layihənin əsas özəlliyi valideyn himayəsindən məhrum olan uşaqların müvəqqəti övladlığa verilməsidir.

Reaksiya.az Baku TV-yə istinadla xəbər verir ki, 0-18 yaş arası uşaqların ailə mühitində böyüməsinin onların mənəvi və psixoloji inkişafına müsbət təsiri nəzərə alınaraq beynəlxalq təcrübənin ölkəmizdə də tətbiqinə başlanılıb.

Hələlik isə 10 uşaq himayədar ailəyə verilib.

Bəs himayədar ailə üçün tələblər nədir?

Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev bildirib ki, himayədar ailə müraciəti üçün elektron altsistem yaradılıb:

“Vətəndaşlar notarial qaydada elektron ərizə almaqla, şəxsi kabinetlər açmaqla himayədar ailəyə müraciət edirlər. Onların müraciəti bizdə göründükdən sonra müsahibə və müayinələr başlayır. Bunlar bitdikdən sonra himayədar ailələr təlimlərə cəlb olunurlar. Bir aydan sonra uşaqla ailənin uyğunlaşmasına baxılır. Hazırda müraciətlərin sayı az, uşaqların sayı çoxdur deyə uyğunlaşma asan gedir”.

Qeyd edək ki, himayədar ailə layihəsinin qəyyumluqdan bir fərqi də subay və dul şəxslərə də 18 yaşına qədər saxlamaq üçün uşağın verilməsinə şəraitin yaradılmasıdır. Həmçinin həmin şəxslərə müavinət veriləcək.

“0-18 yaş arası sağlam uşaqları götürənlər dövlət tərəfindən müavinət əldə edirlər. Müavinət 355-395 manat arasıdır. Bu da uşağın yaşından asılıdır. Məsələn, 0-6 yaş arası uşaqlara 355 manat, yaşı daha çox olan uşaqlara isə 395 manat müavinətin verilməsi nəzərdə tutulub. Əlilliyi olan uşaqlar üçün isə 395-430 manat müavinətin verilməsi nəzərdə tutulub”, - deyə departament müdiri qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar