Dərman vasitələri hələ ki, köhnə qiymətlərlə satılır
26.08.2015 10:51 Sosreaksiya 2583

Xəbər verildiyi kimi, Tarif Şurası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesini həyata keçirir.
Şuranın 30 iyul 2015-ci il tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər müəyyənləşdirilmişdi. Şuranın 25 avqustda keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiymətləri dəqiqləşdirilib. Ümumilikdə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Bunun 46%-nin qiyməti 2 dəfədən çox, 24%-i isə 3 dəfədən çox ucuzlaşdırılıb. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə müəyyən qədər aşağı olan satış qiymətləri təsdiqlənib.
Reaksiya.az dərman vasitələrinin müəyyən edilmiş qiymətlərə uyğun satılıb-satılmadığını müəyyənləşdirmək üçün paytaxtın bir neçə iri aptekləri ilə əlaqə saxlayıb.
“Elit”, “Zəfəran”, “Avis” apteklərindən bildiriblər ki, dərman preparatlarının qiymətlərində hələ ki, heç bir dəyişiklik edilməyib:
"Dərmanların köhnə qiymətlərlə satışı davam etdirilir. Apteklərə rəsmi göstəriş olunduqdan, dərman qiymətlərinin siyahıları göndərildikdən sonra satışı yeni qiymətlərlə həyata keçirəcəklər".
“Həyat” aptekinin rəsmisi isə bildirib ki, ümumiyyətlə aptekdə qiymətləri müəyyən edilmiş dərmanların satışı dayandırılıb və həmin dərman preparatları geri qaytarılıb.
Xatırladaq ki, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir.
Şərhlər