Paşinyandan ŞOK AÇIQLAMA: Mən özümü Ermənistan Respublikası naminə qurban verirəm
19.04.2024 13:48 Sosreaksiya 998
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Qazaxla sərhəddə - Əskipara (Voskaper) kəndində olub. Ermənilərlə görüşüb, onları dinləyib. Qeyd edək ki, görüş gərgin şəraitdə keçib.
Azadlıq radiosunun erməni redaksiyası həmin görüşlə bağlı özət yazı hazırlayıb.
Əhəmiyyətini və aktuallığını nəzərə alaraq həmin yazını təqdim edir.
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 17-də Ermənistanın şimalında, sərhəd bölgəsindəki Tavuş mərzinin sakinləri ilə görüşdən sonra deyib ki, onun hökumətinin həll etməyə çalışdığı məsələlər Rusiya-Ukrayna müharibəsi kimi qlobal geosiyasi dəyişikliklərdən qaynaqlanır.
O bildirib ki, bu dəyişikliklər 2021-ci ildə, o baş nazir seçilərkən hələ baş verməmişdi.
Paşinyan erkən parlament seçkisi barədə söhbətlərə də toxunub:
“Deyək ki, biz seçkiləri gələn ay keçirə bilərik...Rusiya və Ukrayna arasında müharibə bizim son seçkimizdən sonra başlanıb. Biz daha bir seçki keçirə bilərik və bir də gördün hansısa başqa ölkələr arasında müharibə başladı. Yəni bütün bunlar bizim situasiyamızı təsirləndirəcək...”
Paşinyanın sözlərinə görə, hökumətin vəzifəsi əslində daha çox, adamları dəyişən situasiyalara uyğunlaşdırmaqdır.
Baş nazir deyib ki, onun hökuməti bütün hallarda özünün seçki proqramına sadiq qalır.
Paşinyanın sözlərinə görə, onun hökuməti Azərbaycanla sərhədin demarkasiyası üçün danışıqları elə bir şəkildə qurmaq istəyir ki, nəticədə Ermənistanın suveren dövlətçiliyi təmin edilsin.
O vurğulayıb ki, Ermənistanın forpost deyil, həqiqətən də müstəqil dövlət ola bilməsi naminə siyasi karyerasını riskə atıb:
“Növbəti seçki 2026-cı ildə olacaq. Adamlara necə səs verməli olduqları barədə nələrinsə deyildiyi vaxtlar arxada qalıb. Əgər siz hökuməti dəyişmək istəsəniz, onu dəyişəcəksiniz. Amma bugün etdiklərimin o qədər də xoşa gəlmədiyini bilsəm də, mən özümü Ermənistan Respublikası naminə qurban verirəm”.
Paşinyan bildirib ki, ölkənin maraqları onun şəxsi siyasi karyerasından üstündür:
“Ermənistan mənim üçün mənim siyasi karyeramdan daha üstündür. Berkaber kəndinin (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd kəndlərdən biri -red) qarşısında səngərlər yox, bağlar olmalıdır. Orada cəbhə xətti yox, sərhəd buraxılış məntəqəsi olmalıdır. Əgər Azərbaycanla ünsiyyət qurmaq istəsəniz bunu edəcəksiniz, istəməsəniz yox”.
Paşinyan eyni zamanda əmin edib ki, delimitasiya və demarkasiya prosesində suveren Ermənistan ərazisi ilə bağlı hər hansı dəyişiklik lazım olarsa, bu məsələ referenduma çıxarılmalıdır, çünki bunu Ermənistanın Konstitusiyası tələb edir:
“Lap biz istəsək də suveren ərazimizi verə bilmərik. Çünki Ermənistan Konstitusiyasında yazılıb ki, Ermənistanın ərazisinə dəyişiklik yalnız referendum yolu ilə edilə bilər”.
Amma baş nazir bununla yanaşı,
Paşinyan ötən ay işarə etmişdi ki, o Bakının Qazax rayonundakı dörd kəndinin Azərbaycana qaytarılması tələbini qəbul etməyə hazırdır.
Bu kəndlər 1991-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib.
Ermənistan müxalifəti və baş nazirin başqa tənqidçiləri Paşinyanın bu kəndləri Azərbaycana qaytarmaq müqabilində Bakıdan Ermənistanın 30 kəndinin təsərrüfat torpaqlarının qaytarılmasını istəməməsindən narazıdırlar.
Paşinyan ötən ay bu bölgəyə səfəri zamanı yerli sakinlərə xəbərdarlıq etmişdi ki, Bakının tələbi yerinə yetirilməsə yeni müharibə baş verə bilər.
O bildirmişdi ki, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanis Ayrım kəndləri sovet dövründə də Azərbaycana daxil olub.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirlər” elan edib.
İrəvan bunu “etnik təmizləmə” kimi dəyərləndirib.
Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik sülh sazişi imzalanmayıb.(musavat)
Şərhlər