“Kristal Abşeron” tikintidə enerji qənaəti üçün innovativ texnologiyalardan istifadə edir” - Mahayət Nəbiyev

17.05.2024 18:28     Sosreaksiya     489

16 may tarixində Kristal Abşeron, PAŞA İnşaat, PMD Projects və 80-ə yaxın digər dövlət və özəl müəssisələrin tərəfdaşlığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi təşkil olunub. Karyera sərgisində 3000-dən çox gənc üçün 600-dək vakansiya və təcrübə imkanları təqdim edilib.

Reaksiya.az xəbər verir ki, sərginin açılış mərasimində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyev də çıxış edib. Mahayət Nəbiyev çıxışında COP29 beynəlxalq konfransı başda olmaqla ölkəmizdə həyata keçirilən yüksək səviyyəli enerji siyasətinin vacibliyini və bu yöndə “Kristal Abşeron”un həyata keçirdiyi layihələri də vurğulayıb: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin əsas prioritetidir. Bu prioritet əsasında qazanılan uğurlardan biri olacaq COP29-a 2024-cü ildə ev sahibliyi edilməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. İşğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və bu istiqamətdə aparılan digər uğurlu islahatlara tövfə vermək məqsədi ilə, biz də “Kristal Abşeron” olaraq yeni layihələrə imza atırıq. Belə ki, 17 hektar yaşıllıq əraziyə malik olan unikal yaşayış kompleksimiz “City Garden Narimanov”da alternativ enerji mənbəyi kimi istifadə üçün Günəş panelləri quraşdırılır. Bu yaşayış kompleksində olan hər blok üçün innovativ texnologiya ilə qurulan və həmin bloka xidmət edən mərkəzi istilik sistemlərində qaz və günəş kollektorlarının birgə işləməsinə şərait yaradır. Bu da layihədə istiliyə olan tələbatın 30-32%-ini, isti suya olan tələbatın isə 70-75%-ini ödəməklə nəticədə ümumi qaza olan ehtiyaca 38-40% qənaət etmiş olacaq. Sözügedən layihəmizin daxilində bütün infrastrukturları, yəni geniş ticarət mərkəzi, məktəb, bağça, fitness, hovuz, iaşə obyektlərini toplamışıq. Hər bir sakinin gündəlik ehtiyaclarını qarşılaması üçün istifadə etdiyi yanacaq sərfiyyatını azaltmaq və havaya atılan zərərli qazların miqdarını azaltmaq üçün bu kimi amillərə inşa etdiyimiz yaşayış komplekslərində xüsusi diqqət ayırırıq. Bundan başqa həyata keçirdiyimiz bütün layihələrdə binaların fasadını innovativ tələblərə cavab verən xüsusi izoliyasiya materialları ilə izolyasiya edirik. İstifadə etdiyimiz bu izoliyasiya sistemi müasir texnoloji həllərə əsaslanmaqla qaza olan tələbatı 3 dəfəyə qədər azaldır. Bunu sadə bir misal ilə izah edə bilərik. Məsələn, izoliyasiya olunmamış 2 otaq 70 m2-lik bir mənzilin isidilməsi və isti su ilə təmin olunması üçün 60 AZN dəyərində və daha çox enerji tələb olunduğu halda, izoliyasiyalı mənzildə bu sadəcə 18-20 AZN dəyərində olur. Tələbatın və sərf olunan maddi resursların azalması öz növbəsində ənənəvi enerji mənbələrindən istifadə edərək havaya atılan zərərli qazların miqdarını da 3 dəfəyədək aşağı salır. Bu izolizasiya sistemi, həmçinin yayda mənzillərin soyudulması üçün tələb olunan elektrik enerjisinin də miqdarını azaldır.”

Sonda isə Mahayət Nəbiyev “Kristal Abşeron”un həyata keçirdiyi layihələrdə enerji sahəsində innovativ texnologiyaların istifadəsinin həm də qazın ixrac olunmasından əldə olunan gəlirə müsbət təsirindən söz açıb. O bildirib ki, “Tətbiq edilən innovativ həllər sakinlərin xərclərini və ekologiyaya olan mənfi təsirləri azaltmaqla bərabər bilavasitə qaz ixracından daxilolmaların artması istiqamətində də rol oynayır. Belə ki, əvvəlki nümunədə göstərdiyimiz rəqəmlərdən yola çıxsaq 100 mənzilli izoliyasiya olunmuş bir bina üçün ümumilikdə aylıq 4000 AZN ((60-20)*100) dəyərində 40000 m3 qaza qənaət edilərək daxili bazarda istifadə azalır və beləcə qənaət edilmiş qaz qlobal bazara birja qiymətlərinə uyğun olaraq 1000 m3-i təqribi 550 AZN-dən ixrac oluna bilir. Bu faktı nəzərə alaraq deyə bilərik ki, sadəcə 100 mənzilli 1 binanın izoliyasiyalı inşa edilməsi bilavasitə qazın ixracına əlavə olaraq aylıq 22000 AZN (40*550) dəyərində gəlir gətirə bilir.”

Karyera sərgisi digər dövlət və özəl müəssisələrin nümayəndələrinin çıxışları ilə davam edib. Onlar bu cür sərgiləri ali təhsil və sənaye qurumları ilə daha dərin əlaqələrin yaradılmasında, eyni zamanda bu tip tədbirlərin məzunların karyera perspektivlərinin artırılmasında əhəmiyyətini vurğulayıblar.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar