Erməni haker hücumlarından necə qorunmalı?
26.08.2015 11:48 Sosreaksiya 2968

Xəbər verildiyi kimi, Füzuli rayonunun işğalı günü ərəfəsində bir qrup azərbaycanlı haker Ermənistanın 60-dan çox saytını dağıdıb.
Ermənistan saytlarına hücumu əslən Füzuli rayonundan olan CaKo, Ağdamdan olan TuRaL, Sumqayıtdan olan D4RTON ləqəbli üçlüyün həyata keçirdiyi bildirilirdi. Xatırladaq ki, dostların iyul ayının 23-də də belə bir əməliyyat təşkil etmişdilər və o zaman da çoxlu erməni saytlarına ciddi zərərlər yetirmişdilər.
Əlbəttə ki, xakerlərin bu tipli hücumları çox sevindiricidir və arzu edərdik ki, informasiya müharibəsində qələbə hər zaman bizim üstünlüyümüzlə nəticələnsin. Ancaq burada narahatlıq doğuran bir məqam da var. Belə ki, qarşı tərəfin də boş durmayacağı və Azərbaycan saytlarına cavab hücumları edəcəyi qaçılmazdır. Bununla bağlı Azərbaycan tərəfi mütləq şəkildə qorunma mövqelərini gücləndirməlidirlər. Baş verə biləcək hücumlarla bağlı önləmlər alınmalı və belə hucumlar baş verəcəyi təqdirdə yaranmış fəsadları dərhal aradan qaldırılmalıdır.
Reaksiya.az İKT mütəxxəssisi Vahid Qasımovla əlaqə saxlayaraq saytlarının təhlükəsizliyinin necə qorunmalı olduğunu öyrənib.
Mütəxəssis saytın təhlükəsizliyinin bir neçə amildən asılı olduğunu bildirib: “Saytın təhlükəsizliyi server, saytın öz proqram təminatı və saytı idarə edən insanlardan asılıdır. Saytın təhlükəsizliyini təmin etmək üçün əvvəla saytın proqram təminatını yaxşı proqramçıya sifariş etmək lazımdır. İkinci növbədə, saytı etibarlı hostinqdə yerləşdirib, sistem administratoru xidmətini göstərən mütəxəssis ilə dəstək müqaviləsi bağlamaq lazımdır. Və nəhayət, saytı idarə edən adamlar təhlükəsizlik qaydalarına riayət etməlidir: şifrələr möhkəm olmalı və kənar şəxslərə verilməməli, kompüterlərdə antivirus yüklənməli v.s. Bütün bu qaydalara riayət olunduğu halda sayt təhlükəsiz hesab oluna bilər”.
Şərhlər