Yeni CƏRİMƏLƏR- Sürücüləri bu cəzalar gözləyir
28.06.2024 15:33 Sosreaksiya 377
Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.
Reaksiya.az xəbər verir ki, təsdiq olunan cərimələr aşağıdakı kimidir:
- Elektromobillər üçün nəzərdə tutulmuş enerji dolduran stansiyaların elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla parklanma – 20 manat;
- Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə – 10 manat;
- Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə – 40 manat;
- Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – 20 manat;
- Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə – 10 manat;
- Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda – 20 manat;
- Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə – 10 manat;
- Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə – 20 manat (hazırda 10 manatdır);
- Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə – 60 manat (hazırda 10 manatdır).
Parkinqlə yanaşı, digər cərimələr də artıb:
- Taksi duracağında avtomobil saxlamaq – 40 manat;
- Avtobus və velosiped zolağında hərəkət etməyə görə – 100 manat və 2 bal;
- Səkilərdə dayanma və durmaya görə – 60 manat;
- Kiçik elektrik nəqliyyat vasitəsi ilə xətalar – 40-200 manat;
- İşıqforun qırmızı işığında keçənlər və “protiv” sürənlər 100 manat cərimə olunacaqlar. Hazırda bu cərimə 80 manatdır;
- Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır;
- İnzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.
Şərhlər