AZƏRBAYCAN DÜNYADA NECƏ SÖZ SAHİBİ OLDU?!
23.07.2024 11:25 Sosreaksiya 912
Bu gün Azərbaycan Dövlətinin dünya arenasında söz sahibi olması heç kimdə şübhə doğurmur. Bu yerə gəlib çıxmaq heç də asan olmayıb. Zəngin neft yataqları xarici güclərin iştahını elə qabartmışdır ki, əllərinə fürsət düşən kimi daxildən sapı özümüzdən olan baltalardan istifadə edib dövlətimizi ələ keçirtməyə cəhd edirdilər. Elə il olubdur ki, iki dəfə, üç dəfə dövlət çevrilişi edərək legitim hakimiyyəti ələ keçirtməyə cəhd etmişdirlər. Lakin şükürlər olsun ki, aparılmış məqsədyönlü siyasət şər qüvvələrin bu arzusunu gözündə qoymuşdu.
Yeni yaranmış dövlətin yaşaması üçün qarşıda hələ çox işlər var. Azərbaycan nefti xarici bazara çıxarılmalı, dövlətin çökmüş iqtisadiyyatı bərpa yenidən qurulmalı, sosial problemlər həll edilməli idi. Bir yandan da Qarabağ Problemi. Bütün bu problemləri elə bir siyasi ustalıqla həll etməlisən ki, həm Qərb nəhəngləri, həm aqressiv məlum qonşular bundan narazı qalıb dövlətimizə ciddi təhlükə yaratmasın ki, dövlət müstəqilliyi də qorunub saxlansın.
Etiraf edək ki, əksəriyyətimiz 1994-cü ildə atəşkəs imzalananda çox təəssüflənmişdik. Baxmayaraq ki, həmin dövrdə Ordumuz Ulu Öndərin komandanlığı ilə bir neçə uğurlu əməliyyata imza atmışdı, ancaq atəşkəs müqaviləsinin həmin dövrdə bağlanmasının nə qədər əhəmiyyətli olduğu indi öz təstiqini tapır.
Atəşkəsin əhəmiyyəti ondan ibarətdir ki, müharibə aparan ölkəyə heç bir investor sərmayə qoymaz, beynəlxalq güclər sərmayə qoyduqdan sonra öz sərmayəsini qorumaq üçün dövlətimizə dəstək vermək məcburiyyəti daşıyacaq, həmin sərmayələr əhalinin sosial rifahının inkişafına xidmət edəcəkdir və bu müddətdən də səmərəli istifadə edib güclü ordu qurmaq lazım idi ki, bunu da xalqı ətrafında sıx birləşdirən Heydər Əliyev siyasəti edə bilmişdi.
Dövlətini və xalqını sevən bir lider tək öz hakimiyyəti illərini deyil, özündən sonrakı dövrdə də dövlət müstəqilliyini təminat altına almağı unutmamışdı. Dövləti əmin əllərə təhfil vermişdi. Mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyev bunu xalqına bir cümlə ilə vəsiyət etmişdir. “Mən İlham Aliyevə özüm kimi inanıram”. Xalq artıq nə etməli olduğunu yaxşı bilirdi və Heydər Əliyevə inanmış, Onun layiqli davamçısının ətrafında sıx birləşərək uzaqgörən xalq olduğunu dünyaya sübut etmişdi.
Heydər Əliyev siyasəti dövlətimizin bu gün dünyada söz sahibi olmasına, ölkənin iqtisadi və siyasi müstəqilliyinin tam bərqərar edilməsinə, Qarabağ münaqişəsinin qalibiyyətlə başa vurulmasına gətirib çıxartmışdı. Biz tam əminliklə deyə bilərik ki, bu siyasət dövlətimizi yaxın onilliklərdə dünyanın güc mərkəzinə çevirəcəkdir!
Əziz Qənbərli
Şərhlər