Babayan hazırlıqlara başladı: Qarabağ erməniləri aktivləşir
15.08.2024 11:32 Sosreaksiya 296
Keçmiş qondarma rejimin separatçılarından Samvel Babayan Ermənistanda seçkiöncəsi hazırlıqlara başlayıb.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, S.Babayan artıq Ermənistandakı digər separatçılarla görüşlər keçirir. O, Qarabağdan köçən ermənilərlə ittifaq yaratmağı və 2026-cı ildə keçiriləcəyi deyilən parlament seçkilərinə birlikdə qatılmağı təklif edib. Babayanın son zamanlar bir neçə dəfə belə görüşlər keçirdiyi bildirilir.
Məlumata görə, Samvel keçmiş qondarma rejimin “parlament üzvləri” ilə görüşdə seçkilərə ciddi şəkildə hazırlaşdığını, lakin vahid cəbhə halında iştiraka üstünlük verdiyini deyib. Digərləri bu təklifə müsbət yanaşmayıblar, risk və təhlükələrin olduğunu bildiriblər. Bunlardan birinin isə Qarabağdan gələn ermənilərlə Ermənistan vətəndaşları arasında ayrı-seçkiliyin olmasıdır. Separatçılar Babayana deyiblər ki, Qarabağdan erməniləri birləşərək seçkiyə qatılsalar, bu, iki kəsim arasında daha ciddi bölünməyə səbəb ola, Qarabağdan gələnlərin Ermənistanda hakimiyyətə iddia etməsi kimi anlaşıla bilər. Həmçinin Ermənistana köçənlərin əksəriyyəti bu ölkənin vətəndaşlığına sahib deyil. Bu səbəbdən səsvermə prosesində gözlənilən nəticə əldə edilməz.
Ermənistan parlament nümayəndələri də Babayanın Qarabağ erməniləri üçün xüsusi ittifaq yaratmaq fikri ilə razılaşmayıblar. Onlar “Hayastan” və “Pativ Tanut” kimi partiyaların bu istiqamətdə çalışdığını bildiriblər.
Lakin S.Babayan geri çəkilməyib və yeni bir qurum yaratmağı təklif edib. Bu qurum vasitəsilə Qarabağ ermənilərinin problemlərinin aradan qaldırılması üçün hökumətlə əməkdaşlıq ediləcəyini deyib. Onun bu təklifləri Ermənistanda Qarabağdan köçənlərə “liderlik” etmək cəhdi olaraq qiymətləndirilib.
Babayan digər separatçılara uzun müddətdir Ermənistan hakimiyyəti ilə əlaqə qurmadığını desə də, ona inanmayıblar.
Şərhlər