Azərbaycanda xarici agentlərə qarşı sərt qanun hazırlanır?
17.08.2024 19:37 Sosreaksiya 328
Gürcüstanda qəbul edilən mübahisəli “Xarici agent”lər haqqında qanun son günlər Azərbaycanda da geniş müzakirə edilməyə başlanılıb. Ümumiyyətlə, Qərbin vətəndaş cəmiyyətinə təsir imkanlarını minimuma endirmək mahiyyəti daşıyan bu qanun Rusiya və Ukraynadan sonra Qırğızıstanda da qəbul edilib.
Bəzi ekspertlər hesab edir ki, oxşar qanunu Azərbaycan da qəbul etməlidir. Ekspertlər bunu Avropa İttifaqının Bakıdakı ofisində müxalifət liderləri ilə baş tutan görüşü əsas gətirərək təklif edir. Məlum olduğu kimi həmin görüşdə səfir Piter Mixalko, bilərəkdən, ya da bilməyərəkdən bəzi müxalifət rəhbərlərini ifşa etmişdi. Onları verilən bu qədər vəsait müqabilində fəaliyyətsiz olmaqda qınamışdı.
Ekspertlər iddia edir ki, Qərbin vətəndaş cəmiyyətinə təsir imkanlarını minimuma endirmək üçün Azərbaycanda da “xarici agent”lər haqqında qanun qəbul edilməlidir.
Politoloq Elxan Şahinoğlu deyib ki, indiki məqamda Azərbaycanda Gürcüstandakı “xarici agent”lər haqqında qanun kimi bir qanuna ehtiyac yoxdur:
“Azərbaycan xaricdən ölkəyə dövlət əleyhinə fəaliyyət məqsədi ilə göndərilən pulların qarşısını alacaq kifayət qədər tədbir görüb. Bundan başqa siyasi partiyaların və QHT-lərin fəaliyyəti ilə bağlı qanunda müvafiq düzəlişlər edilib. 10 ilə yaxındır ki, xaricdən pul axınının qarşısı alınıb.
Aydın məsələdir ki, bütün tədbirlərə baxmayaraq bu axın yenə olur. Belə iddialar var ki, Gürcüstan üzərindən dolayı yollar ilə bu axın davam edir. Amma bunun da qarşısı mümkün qədər alınır. Azərbaycanın müvafiq strukturları bu sahədə operativ işləyir.
Yəni ölkədə bu sahədə kifayət qədər işlər görülür. Belə olan təqdirdə xüsusi qanun qəbul etmək hesab edirəm gərəksizdir”.
Şərhlər