Deputatlığa namizəd Günay Ağamalı seçicilərlə növbəti görüşünü keçirdi - VİDEO
17.08.2024 19:41 Sosreaksiya 601
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
Günay Ağamalı 15 Avqust 2024-cü ildə Salyan rayonunun geniş ictimaiyyəti, ziyalılar və şəhid ailələri ilə növbəti görüşünü keçirdi. Görüşdə 400-dən çox seçici iştirak edirdi.
Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat verdilər.
Görüşdə çıxış edən Günay Ağmalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmasının ona böyük qürur verdiyini söylədi. O, seçicilərlə keçirdiyi bütün görüşlərdə salyanlılardan səmimi münasibət, böyük dəstək gördüyünü və xeyir-dua aldığını söylədi.
G.Ağamalı Salyan torpağının böyük şəxsiyyətlər və mütəfəkkirlər, görkəmli mədəniyyyət və incəsənət xadimləri yetirdiyini, salyanlıların xalqımıza, dövlətçiliyimizə çox bağlı olduğunu məmuniyyətlə qeyd etdi.
“Biz Heydər Əliyevin qurucusu olduğu müqəddəs yolun yolçuları və davamçılarıyıq. Biz bu yolu, Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycanı dünya miqyasında zirvələrə qaldıran cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələrə doğru getməkdəyik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yaratdığı müasir, modern Silahlı Qüvvələrlə və formalaşdırdığı vətənpərvər cəmiyyətlə 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbəmizi təmin etdi.
Böyük məmuniyyətlə qeyd etmək istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyevlə hər zaman birgə addımlayan, dövlətçiliyimizə ciddi töhfələr verən I Vitse-Prezident Mehriban Xanım Əliyeva bütün Azərbaycan xanımları üçün bir örnəkdir”, - deyə çıxışında Günay Ağamalı bildirdi.
Daha sonra, G.Ağamalı seçki platformasını bir daha görüş iştirakçılarının diqqətinə çatdırdı və Salyan seçicilərinə ona göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi, deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını önə cəkdi.
Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd Günay Ağamalının ünvanına xoş sözlər söyləyərək, ona uğurlar arzuladılar və bütün görüş iştirakçılarını yaxınları ilə bərabər sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə ona səs verməyə dəvət etdilər.
Günay Ağamalının 65 saylı Salyan- Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.
Şərhlər