İranın ən qatı düşməni sərhədinə çatdı – Ermənistandan ağır xəyanət
24.08.2024 10:58 Sosreaksiya 300
ABŞ-ın Zəngəzurda, bütövlükdə Ermənistanda hərbi baxımdan möhkəmlənməsi ilə bağlı xəbərlər artıq qonşu ölkələrin mediasında da tirajlanır. Diqqətçəkən məqam isə İranın bu prosesə kəskin reaksiya verməməsidir. Halbuki Tehran daha əvvəl regionda kənar qüvvələrin olmasına dözməyəcəyini bəyan edib.
İran Qərb qüvvələrinin Ermənistanda yerləşməsinə niyə təmkinli yanaşır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, İran rəsmiləri Ermənistanın regionda pozuculuq yaradacaq addımlarına göz yumur:
“İran-Fransa münasibətləri bəllidir. İranın qatı müxalifəti sayılan Xalq Mücahidləri Təşkilatı Fransada yerləşir. Rəsmi Paris isə İrəvanla çox ciddi hərbi, siyasi, iqtisadi, mədəni əlaqələr qurur. Fransanın təşəbbüsü ilə Azərbaycan-Ermənistan şərti sərhədində Aİ missiyası yerləşdirildi. Mülki monitorinq missiyası həm də İran ərazisinə nəzarət edir. Rəsmi Tehran buna da göz yumur. İran Ermənistanın regionda pozuculuq fəaliyyəti ilə məşğul olmasına təkan verir. Çünki İrəvanın regionda destabilizasiyası Cənubi Qafqazın inkişafı, ölkələrin əməkdaşlığı və təhlükəsizliyə qarşı təhdidlərin aradan qaldırılmasına əngəldir. İran Yaxın Şərqdə, regionda sabitlik istəmir”.
Politoloqun sözlərinə görə, İran hakimiyyəti ABŞ və Rusiyanın Ermənistanda qarşıdurmasından bəhrələnmək istəyir:
“Zəngəzur dəhlizinin açılmasının ləngiməsi Tehranın maraqlarına uyğundur. Ermənistanda qarşıdurma olarsa, rəsmi Bakı və İrəvan arasında normallaşma prosesi getməyəcək. Bu da qeyri-müəyyənliyə səbəb olacaq amildir. Bir neçə gün öncə, İranın xarici işlər nazirinin sözçüsü Nasir Kənani Ermənistan rəsmilərinə ABŞ-la dərin münasibətlərin saxlanmasından narazı olduqlarını bəyan etdi. Lakin bu, kəskin reaksiya olmadı. İran Ermənistanda Qərb amilinin güclənməsinə kəskin etirazını bildirmir”.
Şərhlər