Bakı narazıdır, İrəvana icazə verilməyəcək – Manvelyan
26.08.2024 16:12 Sosreaksiya 276
“ABŞ-ın Ermənistana atom elektrik stansiyasının tikintisi üçün texnologiya verəcəyinə dair məlumat yalandır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Ayakve” təşkilatının rəhbəri Armen Manvelyan deyib.
“ABŞ hökuməti Ermənistana AES tikintisi ilə bağlı heç bir texnologiya verməyəcək. Çünki Vaşinqtonda belə texnologiya yoxdur. Onlar özəl şirkətlərə məxsusdur. Bunun üçün Ermənistan enerji sektoruna yatırım edilməlidir, amma ABŞ-ın belə kiçik bazara daxil olmaq kimi bir marağı yoxdur. İrəvan hökuməti qəsdən bu barədə məlumatlar yaymaqla insanları çaşdırır”.
A.Manvelyanın sözlərinə görə, yeni AES üçün MAQATE-dən icazə lazımdır:
“Burada Ermənistanın ciddi problemləri yarana bilər. Ona görə ki, iki qonşu – Türkiyə və Azərbaycan Ermənistanda AES-in olmasına qarşı çıxır. Hərbi konfliktin hələ bitmədiyini nəzərə alsaq, o zaman Ermənistana MAQATE-dən belə icazənin verilməsi mümkün deyil”, – o bildirib.
Qeyd edək ki, son olaraq ABŞ-ın Ermənistanın 123-cü müqaviləyə qoşulmaq niyyətini araşdırdığına dair məlumat yayılıb. Bu müqavilə ABŞ-ın mülki nüvə texnologiyalarına giriş imkanı verir. Həmçinin Ermənistanda yeni AES-in tikinti ehtimalını yaradır.
Şərhlər