Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun Şorsulu kəndində seçicilərlə görüşdü - VİDEO
27.08.2024 15:00 Sosreaksiya 892
Ana Vətən Partiyasından deputatlığa namizəd Günay Ağamalı seçicilərlə görüşlərini uğurla davam etdirir.
Reaksiya.az xəbər verir ki, Salyan rayonu Şorsulu kəndində rayon ictimaiyyətinin nümayəndələri, kənd ağsaqqalları, ziyalılar və şəhid ailələri ilə görüşdə ilk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əməkdar müəllim Fərqanə Cəbrayılova və Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Salyan Rayon Komitəsinin sədri Günaydın Əhədova deputatlığa namizəd Günay Ağamalının tərcümeyi-halı və fəaliyyəti barədə məlumat verdilər.
Tədbirdə çıxış edən Günay Ağamalı seçicilərə platforması barədə ətraflı məlumat verdi. O, seçki platformasının əsas istiqamətlərinin dövlət quruculuğu, sosial-iqtisadi sfera, sahibkarlığa dəstək, qadın-uşaq hüquqlarının qorunması, şəhid, qazi ailələrinə, kimsəsiz ahıllara, tələbə və şagirdlərə diqqət, qayğı, Salyan-Biləsuvar-Neftçala rayonları ilə bağlı öhdəliklər və digər məsələləri əhatə etdiyini diqqətə çatdırdı.
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd olmasının onda böyük qürur hissi yaratdığını qeyd edən G.Ağamalı Salyan torpağının Azərbaycanın fəxri olan generallar, görkəmli ziyalılar, mədəniyyyət, incəsənət xadimləri və tanınmış şəxsiyyətlərin Vətəni olduğunu bildirdi. O, salyanlıların xalqına, dövlətçiliyimizə çox bağlı olduğunu qeyd etdi.
Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən namizəd bu yolun müqəddəs bir yol olduğunu önə çəkdi: “Biz Azərbaycanın sürətli inkişafı üçün yorulmadan çalışan cənab Prezident İlham Əliyevin getdiyi yolun yolçularıyıq, Heydər Əliyev yolunun davamçılarıyıq”.
Günay Ağamalı ona göstərilən dəstəyə görə seçicilərə öz təşəkkürünü bildirdi, deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyəti çərçivəsində həll olunması istiqamətində səylə çalışacağını vurğuladı.
Görüşdə çıxış edən seçicilər Balaş Əhmədov, Alimə Babayeva, Şərqiyyə Sadıqova deputatlığa namizəd Günay Ağamalıya uğurlar arzuladı və sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə ona səs verəcəklərini bildirdilər.
Günay Ağamalının təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.
Şərhlər