Ermənistandan Zəngəzur mesajı: "İranın oyunu buna hesablanıb"

18.09.2024 14:46     Sosreaksiya     309

Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarılması üzərindən onun gündəmdən çıxarılması illüziyası yarada biləcəyini düşünürsə, böyük yanılır.

Bunu erməni politoloq Suren Surenyants deyib.

“Bu məsələ sadəcə müqavilədən çıxarılıb, heç kim deməyib ki, gündəmdən çıxarılıb. Üstəlik, indi geosiyasi mərkəzləri ancaq bu məsələ maraqlandırır, bunu gündəmdən çıxarmaq olmaz. Bunun sülh müqaviləsindən çıxarılması onları maraqlandırmır”, - ekspert bildirib.

Surenyants Zəngəzur dəhlizi ilə yaxından maraqlanan əsas güclərdən birinin ABŞ olduğunu söyləyib:

“ABŞ-ın mövqeyi çoxdan məlumdur, Obrayenin dili ilə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək Orta dəhlizdə maraqlarının olduğunu bəyan etdilər, Zəngəzur dəhlizi də Orta dəhlizin tərkib hissəsidir. Amerikalılar açıq şəkildə bildirirlər ki, onların ideyalarına görə, bu, İran və Rusiyadan yan keçən bir kommunikasiya qovşağı olmalıdır.

Ruslara gəlincə, ötən həftə İrəvanda Overçukun dili ilə təkrarladılar ki, yol 10 noyabr sənədinin 9-cu bəndi əsasında açılmalıdır. Hələlik Ermənistan rəsmilərindən heç bir cavab yoxdur.

İranın fəallığına gəlincə, Tehran Zəngəzur dəhlizi ətrafında vəziyyəti gərginləşdirməklə müəyyən problemləri həll etməyə, ilk növbədə Cənubi Qafqaz mozaikasında öz yerini tutmağa çalışır. Fikir vermisinizsə, İran Ermənistan və Azərbaycana yaxın olmasına baxmayaraq, bütün proseslərdən kənarda saxlanılıb. Məsələn, Minsk qrupunda yer almayıb. 1992-ci ildə bir görüş istisna olmaqla, heç vaxt Tehran formatı olmayıb. İndi İran aranı qızışdırmaqla həmin mozaikada öz yerini təmin etməyə çalışır”.

Politoloq hesab edir ki, İranla Rusiya arasında fikir ayrılığı olsa da, bu mövzuda Tehran və Moskvaya qarşıdurmaya getməyəcək: “İran sadəcə Rusiya ilə razılığa gəlmək üçün öz oyununu oynayır”.

Reaksiya.az

Şərhlər