Naxçıvandan hücum ehtimalı: Üçüncü qüvvələr bunu istəyir – Polkovnik
18.09.2024 14:53 Sosreaksiya 302
Ermənistanın silahlanması fonunda bölgədə yeni müharibənin başlanması ehtimallarından danışılır. Son günlər erməni tərəfinin Naxçıvan istiqamətində ardıcıl hərbi təxribatlara əl atması ilə növbəti qarşıdurmanın oradan olacağı iddia edilir. Əslində bəzi dövlətlər var gücü ilə çalışır ki, Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma olsun.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycan heç bir halda növbəti hərbi qarşıdurmada maraqlı deyil:
“Erməni təxribatı hər zaman olub. Bundan sonra da olacaq. Belə təxribatların genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsi istisna edilir. Naxçıvan istiqamətində təxribatları Ermənistan artırsa da belə bir risk yoxdur”.
Polkovnik Qarabağ istiqamətində belə bir təhlükənin olmadığını söyləyib:
“Eyni zamanda Azərbaycanın Naxçıvan istiqamətində Ermənistana hücum edəcəyi ilə bağlı yayılan məlumatlar da əsassızdır. Zəngəzur istiqamətində Naxçıvandan hər hansı bir hərbi müdaxilənin olması ehtimalı yoxdur. Amma bəzi kənar qüvvələr çalışır ki, Azərbaycan belə bir addım atsın. İddia edirlər ki, Bakı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmanın şərtlərini özü təmin etmək üçün Naxçıvandan hərəkətə keçəcək”.
Üzeyir Cəfərova görə, Ermənistan 2020-ci ilin 27 sentyabrında və 2023-cü ilin 19-20 sentyabrında aldığı zərbələri unutmayıb:
“Ona görə də, bu aylarda erməni tərəfi mümkün qədər sərhəd xəttində təxribatlara əl atacaq. Məqsədləri görüntü yaratmaqdır. Təbii ki, Azərbaycan Ordusu bütün bu təxribatlara layiqli formada cavab verməyə hazırdır. Bu günlərdə Ermənistan Cənubi Koreyadan, Fransadan, Hindistandan, Yunanıstandan aldığı silahlarla nəyisə dəyişəcəyə ümid edirsə, nəticələrin sarsıdıcı olacağını da düşünməlidir”.
Reaksiya.az
Şərhlər