İngiltərədə magistr təhsili almaq istəyənlərə şad xəbər

30.10.2024 16:23     Sosreaksiya     1046

Böyük Britaniya Xarici İşlər Nazirliyi və İnkişaf İdarəsi tərəfindən idarə olunan Chevening təqaüd proqramı Şimali İrlandiya, Uels, Şotlandiya və İngiltərə kimi ölkələrdə magistr pilləsi üzrə təhsil almaq arzusunda olan şəxslərə təklif olunur.

Chevening təqaüd proqramı 40 ildir ki, 160-dan çox ölkədə yaşayan tələbələrə Böyük Britaniyada tam təqaüdlə təhsil almaq imkanı yaradır. Bu proqram xüsüsilə gələcək liderlərə Britaniyadakı peşəkar və akademik mühitdə yeni əlaqələr formalaşdırmağa, Britaniya mədəniyyəti ilə tanış olmağa kömək etmək məqsədi daşıyır. Bu təqaüdü qazanmış bir çox alim, siyasətçi, kinorejissor, yazıçı və incəsənət xadimi bu proqramın təklif etdiyi bilik və bacarıq sayəsində uğurlu karyera qurmağa nail olmuşdur və hazırda sahələri üzrə qabaqcıl vəzifələrdə çalışmaqdadır. Azərbaycanda da, bu proqramın məzunları arasında onlarla tanınmış şəxs var. Dünya üzrə hər il 2000-dən çox tələbə bu təqaüdü qazanır.

Chevening Təqaüdü Hansı Xərcləri Qarşılayır?

  • Universitetin təhsil haqqı ödənişi
  • Aylıq təqaüd
  • Səyahət xərcləri

 

Chevening Təqaüd Proqramı Üçün Tələb Olunan Şərtlər Nələrdir?

  • Bakalavr dərəcəsi
  • Chevening proqramında təklif olunan istənilən magistr ixtisası üzrə qəbul almaq. (Müraciət mərhələsində proqram üzrə 3 ixtisas seçiminə icazə verilir və müraciət mərhələsində həmin ixtisaslar üzrə qəbul almaq tələbi yoxdur. Müraciətçi universitetlərə fərdi qaydada müraciət etməli və əgər proqramın bütün mərhələlərində uğurla keçsə, iyun ayının ortasına qədər seçdiyi 3 ixtisasın hər hansı birindən qeyd-şərtsiz qəbulu Chevening proqramının katibliyinə təqdim etməlidir.)
  • 2 il iş təcrübəsi (Könüllülük və təcrübə proqramında iştirak da, iş təcrübəsi hesab olunur)

 

Chevening Təqaüd proqramına müraciət üçün heç bir yaş tələbi yoxdur. Təqaüd proqramına müraciətlər 5 noyabr 2024-cü il saat 12:00-a qədər açıqdır. Müraciət üçün bu linkə daxil olub, müraciət formasını doldurmaq tələb olunur: https://asams.chevening.org/apply Sualınız olarsa bu email ünvanı ilə əlaqə saxlaya bilərsiniz: generalenquiries.baku@fcdo.gov.uk

Reaksiya.az

Şərhlər

Çox oxunanlar