Vüqar Bayramov “qara piarçı araşdırmaçıların” yalanlarını ifşa etdi

26.08.2015 20:41     Sosreaksiya     1924

2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров’ (‘Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib’) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilisdilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ veb-səhifəsində yayımlanıb. 

Növbəti gün, eyni məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb. 

Vüqar Bayramov Reaksiya.az-a açıqlamasında bildirib ki, müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə, ‘Install Service LLC’ şirkətinin fəaliyyəti ilə bağlı onun adına aid edilən bəzi "fikirlər" qeyd edilib. 

'Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərmi öyrənmədən mənim adımdan şərh yayımlanıb. Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə ‘the Organized Crime and Corruption Report Project (OCCRP)’ əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir. 

Vüqar Bayramov əlavə edib ki, jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu halı jurnalistikanın etik prinsiplərinin kobud pozulması kimi qiymətləndirir. "Təəssüf ki, bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir. Bu eyni zamanda onu təsdiq edir ki, belə “araşdırmalar”da bəzi belə “faktlar” beynəlxalq və yerli ictimaiyyətə qərəzli şəkildə təqdim olunur".

Şərhlər