Qayıdışın qüruru: Ədalət Vəliyev Cəbrayıl sakinlərinə bu sözləri dedi

03.06.2025 16:23     Sosreaksiya     313

Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın illərlə qəlbində daşıdığı Zəfər arzusunu reallığa çevirdi. Bu tarixi Qələbənin baş memarı – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev düşmənin illərlə işğalda saxladığı müqəddəs torpaqları, o cümlədən Cəbrayıl rayonunu azad edərək, bu bölgəni yenidən dirçəlişə doğru istiqamətləndirdi.

Bu gün artıq Cəbrayılda həyat bərpa olunur, şəhər salınır, kəndlər yenidən qurulur, yollar çəkilir, bayrağımız qürurla dalğalanır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Cəbrayıl sakinləri ilə görüşündə bu torpaqların bərpasına yönəlmiş iradəni, dövlətin apardığı möhtəşəm quruculuq siyasətini belə ifadə edib:

“Arxada düşmənin dağıtdığı, tapdağından çıxmış ərazilərə və insana qürur verən dalğalanan bayrağımıza, qurulan evlərə baxırıq. Sakinlər olaraq sizə can sağlığı ilə Cəbrayılın hər anının, hər gününün işıqlanmasının şahidi olmağı arzu edirik”.Ədalət Vəliyev işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasını qeyd edərək vurğulayıb:

“Ölkənin siyasi partiya liderləri buraya gəlib görülən işləri, sizin yaşayışınızı, minadan təmizlənən əraziləri müşahidə edirlər. Bir az əvvəl Füzulidə minatəmizləmə prosesini yaxından izlədilər. Böyük işlər görülür”.

Görüşdə iştirak edən Cəbrayıl sakinləri də öz minnətdarlıqlarını ifadə edərək ölkə rəhbərliyinə – xüsusilə Prezident İlham Əliyevə bu əzəmətli dönüş və inkişaf üçün təşəkkürlərini bildiriblər.

SAKİNLER.jpeg (89 KB)

Musavat.com bildirir ki, 3 iyun 2025-ci il tarixində, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, habelə internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və media təmsilçiləri Zəngilan və Cəbrayıla səfər ediblər.

Səfər çərçivəsində iştirakçılar öncə Füzuli rayonunun Horadiz kəndində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatlarını izləyiblər. Ardınca isə Cəbrayılda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış olublar.

Bu səfər və səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız torpaqlarını azad etməyib, həm də o torpaqlara mədəniyyəti, quruculuğu, inkişafı və əbədi suverenliyi geri qaytarıb. Cəbrayılın hər qarışı indi bir qürur abidəsinə çevrilir.

Bu dönüşün arxasında duran lider – Prezident İlham Əliyev, xalqın ümidini Zəfərə çevirən, dağıntılar üzərində yenidən doğulan Azərbaycanın memarıdır.

Reaksiya.az

Şərhlər