Vəhdət Partiyası tələb edir – bu şəxslər 10 min manat cərimə edilsin!

25.02.2026 13:23     Sosreaksiya     375

Hörmətli Azərbaycan ictimaiyyəti!

Hörmətli Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi!

Hörmətli media rəhbərləri və ziyalılar!

Azərbaycanın milli-mənəvi dəyərləri min illər boyunca formalaşan, əsrlərin sınağından çıxmış, bu günədək öz varlığını qoruyan, dəyişilməyən, itirilməyən dəyərlərdir. Bu dəyərlər vahid xalq olaraq formalaşmağımızda əhəmiyyətli rola malikdir. Bu dəyərləri yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişini, onun varlığını qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Milli-mənəvi dəyərlər dedikdə biz hansı komponentləri nəzərdə tuturuq? Milli ideologiya, mənəvi yaddaş, tarix, dil, ənənəvi dini dəyərlər, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri bu günədək sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir.

Çox təəssüf ki, bu gün Azərbaycan efirində bəzi televiziya kanalları mənəvi dəyərlərin təbliğinə çox az yer ayırır. İnsanların həyatı, ailə dəyərləri reytinq xatirinə şou predmetinə çevrilir ki, bu da ailə modeli üçün təhlükə yaradır. Ali dəyərlərimiz televiziyalar vasitəsilə qorunmalıdır, məqsədyönlü şəkildə kommersiya maraqlarına qurban verilməməlidir. Yaxşı olar ki, televiziyada gənclərimizin sağlam ruhda inkişafına xidmət edən elmi-populyar verilişlərin hazırlanmasına daha çox üstünlük verilsin. Ciddi, düşündürücü verilişlərə tamaşaçının hər zaman ehtiyacı var.

Digər tərəfdən, efirlərdə dilimizin leksik normalarının savadsız aparıcılar tərəfindən pozulması artıq adi hal alıb. Yaxşı olardı ki, peşəkar, dilimizin incəliklərinə bələd olan aparıcılara üstünlük verilsin. Teleseriallarda ədəbi dilimizin normalarının pozulması adət halını alıb. Bu zərərli tendensiya artıq strateji təhlükə, ciddi ictimai problemdir. Bu kimi halların qarşısının alınması üçün müəyyən nəzarət mexanizmi hazırlanmalıdır.

Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqımızın tarixi yaddaşını öz əsərlərində ifadə edən yazıçı və şairlərimizi qoruması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Ulu Öndər hər zaman çıxışlarında xüsusi olaraq qeyd edirdi ki, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini qorumalıdır. Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti, Cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.

Ölkə başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqda ana dilinin qorunmasının strateji əhəmiyyətini xüsusi vurğuladı: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”. Hər bir media nümayəndəsi, hər bir qələm adamı üçün bu fikirlər prioritet olmalıdır. Xüsusən media ana dilimizin saflığının qorunmasına əməl etməlidir.

Bu baxımdan, telekanallar dövlət və cəmiyət qarşısında çox böyük məsuliyyət daşıyır. Bar və toy müğənnilərinin efirdə, milyonların gözü qarşısında lüzumsuz dedi-qodulara, qeybətə yer verməsi, jarqonlarla danışması arzuolunmaz haldır. Bəzi hallarda efirə dəvət olunan qonaqlar bir-birlərini təhqir edir, nalayiq ifadələr işlədirlər. Beləliklə, sənət şou elementinə çevrilir ki, bu da yeni nəsil üçün pis bir nümunəyə çevrilir. Nəticədə zövqlər korlanır, dilimiz təhlükə qarşısında qalır, cəmiyyətin intellektual dayaqları zəifləyir. Milli-mənəvi resursları kommersiv maraqlara qurban verməklə mədəniyyətimizi, ədəbiyyatımızı ciddi təhlükə qarşısında qoyuruq. Halbuki bir çox inkişaf etmiş ölkələrdə televiziya modeli milli-mədəni, maarifçi missiya daşıyır.

Gənc nəslin mütaliə vərdişlərinin formalaşması üçün ədəbiyyatla bağlı ciddi telelayihələrin yaranması olduqca vacibdir. Yazıçılarımızın maddi durumunun qənaətbəxş olmamasının səbəbi onların kitablarının satırlmamasıdır. Kitab Azərbaycan insanının həyatının tərkib hissəsinə çevrilməlidir. O zaman yazıçılarımızın da nüfuzu artacaq. Məktəblərdə, kitabxanalarda yazıçılar və kitab müəllifləri ilə görüşlərin keçirilməsi və yeni çıxan kitabların təqdimatının təşkil edilməsi ədəbiyyatın təbliği baxımından son dərəcə vacibdir. Yeni çıxan kitablarla bağlı televiziya verilişlərinin hazırlanması çox uğurlu nəticələr verə bilər.

Bu gün gənclərimizin əksəriyyəti klassiklərimizi demək olar ki, tanımır, musiqi tariximizdən xəbərsiz bir nəsil yetişir ki, onlar Üzeyir Hacıbəyovun, Qara Qarayevin irsindən xəbərsizdirlər. Milli-mədəni irsimiz, ədəbi əsərlər, nəşr olunan yeni kitablar layiqincə təbliğ olunmur. Efirlərimizdə demək olar ki, elmi-intellektual verilişlər yox dərəcəsindədir. Bu istiqamətdə intellektual telelayihələrin, maarifləndirici teledebatların (musiqi, ədəbiyyat, elm və fəlsəfə və s.), həyata keçirilməsi çox vacibdir. Milli irsin teleməkanda populyar formatda təqdimatı gənclərdə böyük maraq oyada bilər.

Vəhdət Partiyası olaraq belə hesab edirik:

Əgər telekanallarda bayağılığı təbliğ edən şou tipli verilişlər davamlı olaraq yayımlanarsa, yaxın gələcəkdə daha dəhşətli nəticələrlə üzləşəcəyik. Gənclərin davranış, düşüncə modeli dəyişəcək, zövqləri korlanacaq;

İctimai ünsiyyət dili kobudlaşacaq;

Ailə institutunun dayaqları sarsılacaq;

Sosial konfliklərin sayı bir az da artacaq.

Dövlətimiz demokratik cəmiyyətin formalaşması naminə humanistlik göstərərək bu xüsusda sərt qaydalar tətbiq etmir. Amma efirə çıxan hər kəs öz məsuliyyətini dərk etməlidir.

Bütün bunları nəzərə alaraq Tələb edirik:

1.Reytinq siyasəti köklü şəkildə dəyişilməli, milli-mənəvi dəyərlər prizmasından müəyyənləşməlidir.
2.Reklam maraqları heç bir halda ictimai məsuliyyətdən üstün tutulmamalıdır.
3.Ailə İnstitutu mütləq nəzərə alınmalıdır.
4.Etik pozuntulara qarşı ciddi sanksiyalar tətbiq edilməli, efir qaydalarını, dil normalarını pozan fiziki şəxslər 10 min manat miqdarında cərimə edilməlidir.
5.Dövlət və özəl sektorlar qarşılıqlı şəkildə əməkdaşlıq edərək keyfiyyətli layihələrə investisiya ayırsa, daha yaxşı olar. İntellektual və maarifçi layihələr üçün fondun formalaşması da bu kontentə daxildir.
6.Milli-mənəvi dəyərlər üzrə İctimai Monitorinq Şurasının yaradılması.
7. Televiziya aparıcıları üçün dil və etik sertifikasiya mexanizminin yaradılması.
8.Uşaq və ailə saatlarında kontent filtrasiyası.
Biz azad medianın tərəfdarıyıq və hesab edirik ki, azad media sağlam düşüncəyə xidmət etməlidir. Efir kommersiya obyekti olmaqla yanaşı ictimai institutdur və dövlət, xalq, gələcək nəsil qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən televiziyalarımız sağlam düşüncəyə, maarifçi, etik-estetik düşüncəyə yer ayırmalıdır. Biz bu məsələni gündəmdə saxlayacağıq. Çünki, bu, artıq reytinq məsələsi deyil, milli məsuliyyət məsələsidir. Hər birimiz vətəndaş və ziyalı olaraq gələcək nəsil qarşısında cavabdehlik daşıyırıq.

Adəm İsmayıl Bakuvi,
Vəhdət Partiyasının sədri

Şərhlər