İcra Başçısı Yasamal sakinləri ilə görüşdü - FOTOLAR
01.04.2026 17:41 Sosreaksiya 197
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün aprel ayı üzrə səyyar qəbul keçirilib.
"Reaksiya.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri qurumuş və təhlükə yaradan ağacların budanması, son leysan nəticəsində ziyan çəkmiş şəxslərə dəstək, aztəminatlı vətəndaşlara sosial yardım, səkilərin zəbt edilməsi ilə mübarizə, qazilərin işlə təminatı, Mirəli Seyidov küçəsindəki yanğından sonra yaşayış binasının təmir və bərpası və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.
Qəbul zamanı İcra başçısı Elşad Həsənov müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verib.
RİH başçısı bəzi sakinləri fərdi qayda da dinləyib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.







Şərhlər