Özbəkistanda Azərbaycan–Türkiyə–Özbəkistan media əməkdaşlığına həsr olunmuş görüş keçirilib.

06.06.2026 15:27     Sosreaksiya     365

Özbəkistanda “Qlobal məkanda türk birliyinin rolu: Azərbaycan – Türkiyə – Özbəkistanın media əməkdaşlığı” mövzusunda tədbir çərçivəsində Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu ilə görüş keçirilib.
Görüşdə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM) sədri M. Məmmədov qonaqları salamlayaraq RAzMMM-in İdarə Heyətinin üzvlərini təqdim edib, təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr və Özbəkistanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bölmələri haqqında ətraflı məlumat verib.
M. Məmmədov çıxışında Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu gün siyasi, iqtisadi, humanitar, mədəni və informasiya sahələrində uğurla inkişaf edən əməkdaşlıq Azərbaycan və Özbəkistan xalqlarını daha da yaxınlaşdırır.
RAzMMM sədri tədbirin əhəmiyyətindən danışaraq Zaur Qəriboğlunun Özbəkistana səfəri və keçirdiyi görüşlərdən məmnun qaldıqlarını bildirib. O, Azərbaycan, Türkiyə və Özbəkistan arasında media sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq gələcəkdə birgə layihələrin və tədbirlərin keçirilməsinin türk dünyasının informasiya məkanında inteqrasiyasına mühüm töhfə verəcəyini qeyd edib.
Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri Zaur Qəriboğlu çıxışında Özbəkistanda fəaliyyət göstərən vahid Azərbaycan diaspor təşkilatının işini uzun müddətdir izlədiyini və araşdırdığını bildirib. O qeyd edib ki, RAzMMM-in fəaliyyəti yüksək səviyyədə təşkil olunub və bu, onu olduqca sevindirir. Zaur Qəriboğlu Azərbaycan diasporunun Özbəkistanda milli-mədəni dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və iki qardaş xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
O, həmçinin türk dövlətləri arasında birliyin və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən, Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafından danışıb. Bildirib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Zaur Qəriboğlu Özbəkistanda son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması barədə də fikirlərini bölüşüb.
Tədbirdə iştirak edən Komitənin əməkdaşı Bünyat qonaqlara Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. O, çoxmillətli Özbəkistanda milli-mədəni mərkəzlərə və diaspor təşkilatlarına dövlət tərəfindən göstərilən diqqət və dəstəkdən, yaradılan geniş imkanlardan danışıb. Bünyat qonaqların Özbəkistana səfər etmələrini və RAzMMM nümayəndələri ilə görüşlərini yüksək qiymətləndirərək təşəkkürünü bildirib.
RAzMMM sədri M. Məmmədov öz növbəsində Komitə rəhbərliyinə və əməkdaşlarına Azərbaycan diasporuna, eləcə də Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə göstərilən daimi diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.
Görüşün sonunda qonaqlara RAzMMM tərəfindən Özbəkistanın tarixi, mədəniyyəti və milli dəyərlərini əks etdirən xatirə hədiyyələri təqdim olunub. Qonaqlar da öz növbələrində dostluq və əməkdaşlığın rəmzi olaraq xatirə hədiyyələri təqdim ediblər.
Tədbirdən sonra qonaqlar Özbəkistanda fəaliyyət göstərən müxtəlif milli-mədəni mərkəzlərin pavilyonları ilə tanış olublar. Onlar Azərbaycan pavilyonunu ziyarət edərək burada diaspor nümayəndələri ilə görüşüb, mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat alıblar. Səmimi söhbət şəraitində keçən görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb. Qonaqlar həmçinin digər milli-mədəni mərkəzlərin pavilyonlarını gəzərək onların fəaliyyəti və mədəni irsi ilə yaxından tanış olublar.
Səfərin sonunda tədbir iştirakçıları və qonaqlar Azərbaycan pavilyonunda xatirə şəkilləri çəkdiriblər.
Görüş qarşılıqlı anlaşma, dostluq münasibətlərinin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi şəraitində başa çatıb.
 
 
 
 

Şərhlər