Daşkənddə Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib

18.06.2026 15:39     Sosreaksiya     230

Daşkənddə Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. 
 
 "Reaksiya.az" xəbər verir ki, Daşkənd şəhərində fəaliyyət göstərən Özbəkistan Respublikası Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin pavilyonunda “Yagona Vətən, Yagona Xalq bo‘lib, yangi hayot yaratamiz” şüarı altında Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş mədəni-konsert proqramı keçirilib.
  Tədbirdə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri B. Şükürov, komitənin əməkdaşları, ölkədə fəaliyyət göstərən milli-mədəni mərkəzlərin rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri, diaspor fəalları, qonaqlar və turistlər iştirak ediblər.
  Tədbirin açılışında Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət müstəqilliyinin qorunmasına və Azərbaycanın inkişafına yol açıb.
  Mobil Məmmədov çıxışında Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən də bəhs edərək, xaricdə yaşayan soydaşlarımızın milli-mədəni dəyərlərin qorunması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
  Tədbirin bədii hissəsində Respublika Azərbaycan Milli-Mədəniyyət Mərkəzinin Daşkənd şəhəri ilə yanaşı, müxtəlif vilayətlərdə fəaliyyət göstərən filiallarının sədrləri, üzvləri və yaradıcı kollektivləri iştirak ediblər. Onlar xüsusi hazırladıqları musiqi nömrələri, milli mahnılar və rəqs kompozisiyaları ilə bayram proqramına rəng qataraq tamaşaçıların böyük rəğbətini qazanıblar.
  Tədbirin sonunda Mobil Məmmədov proqramın təşkilində və keçirilməsində əməyi olan bütün iştirakçılara təşəkkürünü bildirib. Daha sonra fəal iştirak edən şəxslərə və kollektivlərə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.
  Bayram tədbiri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan xalqının milli birliyini, dövlətçilik ənənələrini, eləcə də Azərbaycan-Özbəkistan dostluğunu təbliğ edən əlamətdar tədbir kimi yadda qalıb.
 
 
 
 
 
 
 
 
 
 

Şərhlər