Təhsil haqqına görə etiraz - 8 ölü, yüzlərlə yaralı

27.08.2015 16:57     Sosreaksiya     2873

Hindistanın Gujarat əyalətində dövlətdən iş və təhsil haqqı istəyən Patel icması etiraz aksiyası təşkil edib.

Reaksiya.az xəbər verir ki, etirazlar nəticəsində biri polis olmaqla 8 nəfər həyatını itirib, yüzlərlə adam yaralanıb.

İcmanın üzvlərinin dövlət banklarına və dövlət malına zərər verdiyi, bələdiyyə avtobuslarını atəşə verdikləri, polis binasına və əməkdaşlarına hücum etdikləri qeyd edilib.

Yaranmış vəziyyətlə əlaqədar bəzi şəhərlərdə küçəyə çıxmaq qadağan olunub, bölgəyə çox sayda hərbçilər göndərilib.

Etiraz aksiyalarının digər əyalətlərə yayılmasının qarşısını almaq məqsədilə əyalətdə telefon və internet yayımı dayandırılıb.

Hindistanın baş naziri Narendra Modi hadisələrlə bağlı açıqlama verib: "Zorakılığın kimsəyə faydası yoxdur, sülh üçün dioloqlar aparılmalıdır”.

İcmanın lideri 21 yaşlı Xar Patel Əhmədabad şəhərində təxminən yarım milyon adamın iştirak etdiyi mitinqi keçirdikdən sonra saxlanılıb. Bundan sonra icmadan fermerlərin çoxluq təşkil etdiyi bir qrup dünən əyalət miqyasında tətil başladıb.

Qeyd edək ki, Gujarat əyalətinin 63 milyonluq əhalisinin təxminən yüzdə 20-sini təşkil edən Patel icması əsasən, fermerlərdən ibarətdir. İcmanın üzvlərinin çoxusu ABŞ və İngiltərəyə köç edib, onlar bu ölkələrdə göstərdikləri iqtisadi uğurlarla ön plana çıxıb. Buna baxmayaraq, Patel icması Hindistandakı kasta sistemində ən alt təbəqədə yerləşir və dövlətdə vəzifə ala bilməyib.

Şərhlər