Komitə yayılmış qərəzli məlumatla bağlı açıqlama verdi - Rəsmi
31.08.2026 17:33 Sosreaksiya 195
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qurum və onun rəhbərliyinə qarşı bəzi internet resurslarda yer almış materialla bağlı açıqlama yayıb.
"Reaksiya.az"ın sorğusuna cavab olaraq Komitənin Vətəndaşlarla iş və strateji kommunikasiyalar şöbəsinin verdiyi məlumatda deyilir:
“Avqustun 30-da internet rəsmi media subyekti olan xəbər portallarından birində və onun sosial şəbəkə səhifələrində televiziya kanallarından birində yayımlanmış xəbər süjetinə istinadən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun rəhbərliyini ittiham xarakterli material dərc edilib. Qeyd edək ki, süjetdə yalnız mövcud problemdən bəhs olunub, Komitənin və onun rəhbərliyinin adı çəkilməyib, onların fəaliyyətinə dair hər hansı ittiham və ya tənqid yer almayıb.
Buna baxmayaraq, xəbər portalında yayılmış material hazırlanarkən dəqiqləşdirilmə və ya rəsmi məlumatın əldə olunması məqsədilə Komitəyə müraciət edilmədən məsələ qərəzli şəkildə onun və rəhbərliyinin fəaliyyəti ilə əlaqələndirilib. Daha sonra həmin məlumatlar bir sıra digər informasiya resurslarında olduğu kimi tirajlanıb.
Bildiririk ki, materialda sözügedən ünvanda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən yaşayış binasında mənzilin pəncərəsi qarşısında, oradakı qeyri-yaşayış subyektinin damında quraşdırılmış konstruksiya ilə bağlı problem daha öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində aradan qaldırılıb. Belə ki, qanunsuz quraşdırılmış konstruksiya avqustun 27-də, yəni sözügedən materialın dərcindən hələ üç gün əvvəl sökülüb.
Bundan əlavə, redaksiyanın yalnız yazının sonunda Komitənin mövqeyini “öyrənməyə çalışacağını” bildirməsi diqqət çəkir. Bu hal dövlət qurumunun və onun rəhbərliyinin ünvanına ciddi ittihamların rəsmi məlumat alınmadan, dəqiqləşdirilmə və araşdırılma aparılmadan yayımlandığını göstərir. Halbuki, məlumatın doğruluğunun yoxlanılması və məsələdə adı çəkilən bütün tərəflərin mövqeyinin öyrənilməsi, xüsusilə söhbət dövlət qurumunun və onun rəhbərliyinin işgüzar nüfuzundan getdikdə, material dərc edilməzdən əvvəl təmin olunmalı idi.
Xatırladırıq ki, kütləvi informasiya vasitələrində və digər informasiya resurslarında peşə etikasının tələblərinə və qüvvədə olan qanunvericiliyin müddəalarına zidd, həqiqətə uyğun olmayan, təhrif edilmiş və böhtan xarakterli məlumatların yayılmasına yol verilməməlidir.
Bildiririk ki, bu cür məlumatların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, onun struktur bölmələrinin və ya vəzifəli şəxslərinin işgüzar nüfuzuna və qanunla qorunan hüquq və mənafelərinə zərər vurması, habelə ictimaiyyətdə yanlış təsəvvür yaratması ilə nəticələnə biləcək hallarda, onların yayılması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə və digər müvafiq tədbirlərin görülməsi üçün zəruri addımlar atılacaqdır.
Media subyektlərindən və digər informasiya resurslarından məlumatları yayımlamazdan əvvəl onların mənbəyinin, doğruluğunun və mötəbərliyinin yoxlanılması, qarşı tərəfin mövqeyinin öyrənilməsi və peşə etikası prinsiplərinə riayət edilməsi xahiş olunur.
Komitə bundan sonra da media və ictimaiyyət nümayəndələri ilə açıq, şəffaf və konstruktiv əməkdaşlığın davam etdirilməsində maraqlıdır”.







Şərhlər