"Azərbaycanda islam dininin təzyiqə məruz qalması tamamilə yalandır" - Şeyx
13.10.2026 19:23 Sosreaksiya 184
Son dövrlərdə ölkəmizdə islam dininin və onun müqəddəs dəyərlərinin guya təzyiqə məruz qalması ilə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır və məqsədyönlü xarakter daşıyır.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə "Real TV"yə açıqlamasında bildirib.
"Reaksiya.az" xəbər verir ki, QMİ sədri Azərbaycanda dindarlara və dinə hər zaman yüksək dövlət səviyyəsində qayğı göstərildiyini vurğulayıb. O qeyd edib ki, bu cür əsassız iddialar irəli sürənlər əslində Qarabağ həqiqətlərinə və işğal dövründə ermənilərin İslam irsimizə qarşı törətdikləri vəhşiliklərə göz yumurlar:
"Azərbaycanda müsəlmanlar təzyiqə məruz qalmağı – bu, tamamilə yalandır. Çünki bizim Qarabağ kimi dərdimiz var idi və orada müsəlmanlar yaşayır, bir milyondan yuxarı qaçqın-köçkün o torpaqlardan uzaqlaşdı. Orada bizim məscidlərimiz var idi, ermənilər tərəfindən talan olundu, tamamilə məhv edildi. Həmin məscidlərdən donuz otarmaq, it saxlamaq üçün istifadə edirdilər. Mən özüm Ağdama gedəndə Qiyaslı məscidinin qapısında it bağlanan zəncir gördüm. Onların münasibəti yalnız İslama və bütün müsəlmançılığa qarşı idi."
Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün azad olunmuş ərazilərdə, eləcə də ölkə daxilində məscidlərin bərpa olunduğunu, Heydər Əliyev Fondunun rəhbərliyi ilə yeni ibadət ocaqlarının tikildiyini və minarələrdən azan səslərinin eşidildiyini fərəhlə qeyd edib: "Bu gün Azərbaycan dünyada İslam həmrəyliyinə töhfə verir, məscidlər bərpa olunur, dindarlara maddi-mənəvi yardım göstərilir. Bu Qarabağdan azan səslərinin gəlməsi bizim fərəhimiz və sevincimizdir."
QMİ sədri son günlər məktəblərdə vahid geyim qaydaları ilə bağlı məsələlərin məqsədli şəkildə hicab adı altında təqdim olunmasına və bəzi xarici dairələrin təhriki ilə dövlətçiliyə qarşı yönəldilməsinə sərt münasibət bildirib:
"Bəzi adamlar bizim dövlətimizi, dövlətçiliyimizi istəmirlər – bu, xaricdə olan qüvvələrdir. İstəyirlər ki, Azərbaycanın inkişafını, tək başına apardığı siyasəti gözü götürməsinlər və hər hansı məsələdən ixtişaş yarasınlar. Adını qoyurlar hicab. Əslində, alınan qərarda hicab sözü yoxdur, sadəcə vahid məktəbli geyimi var. Amma bunu hicab adlandırırlar ki, daha çox təsir göstərsin. Mən inanıram ki, bu məsələ də Təhsil Nazirliyi və məktəblərin pedaqoji kollektivi vasitəsilə həll olunacaq."
Müsahibənin sonunda Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarların hər zaman dövlətin və Prezident İlham Əliyevin yanımda olduğunu bəyan edib: "Biz dindarlar bu gün öz dövlətimizin, dövlət rəhbərimizin yanındayıq. Çünki o deyilən məsələlər dini səpkidən çıxarılaraq dövlət düzəninə qarşı aparılan siyasət kimi qəbul olunur və bu, qəbuledilməzdir. Bizim dövlətimiz müqəddəsdir, şəhidlərin əmanətidir. Xaricdəkilər də bilsinlər ki, bizim dövlətimiz yaşayacaq və Müzəffər rəhbərimiz İlham Əliyevin rəhbərliyi ilə irəliləməyə davam edəcək."










Şərhlər