Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
07.11.2026 13:08 Sosreaksiya 198
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
"Reaksiya.az" Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.
Qara dəniz sahillərində intensiv yağış, ölkənin daxili və şərq bölgələrində isə qar yağışı gözlənilir. Cənub bölgələrində və dəniz akvatoriyalarında güclü külək və fırtına ehtimalı var.
Soyuq hava kütləsinin təsiri ilə Egey və Mərkəzi Anadolu bölgələrində dumanlı və çənli hava şəraiti müşahidə ediləcək. Ankara, Eskişehir, Afyonkarahisar, Kütahya, Konya və Aksaray ətrafında, xüsusilə səhər və gecə saatlarında çən, bəzi yerlərdə isə sıx duman gözlənilir. Gecə temperaturun daha da aşağı düşməsi nəticəsində şaxta gözlənilir. Bu səbəbdən sakinlərə səhər erkən və gecə saatlarında yollarda, eləcə də açıq havada ehtiyatlı olmaq tövsiyə edilir.
Həftəsonu ərzində güclü küləyin də təsirini davam etdirəcəyi proqnozlaşdırılır. Qara dəniz sahillərində küləyin qərb və şimal-qərb istiqamətlərindən saatda 50-70 kilometr sürətlə əsəcəyi gözlənilir. Mərmərə və Egey bölgələrində isə şimal istiqamətli küləyin sürətinin saatda 40-60 kilometrə çatacağı bildirilir.
Sabah Aralıq dənizi bölgəsində və Mərkəzi Anadolunun cənub hissələrində küləyin daha da güclənəcəyi ehtimal olunur. Aralıq dənizi sahillərində və Toros dağları istiqamətində şimaldan əsəcək küləyin sürətinin saatda 50-70 kilometrə çataraq fırtına xarakteri alacağı proqnozlaşdırılır.











Şərhlər